09 aprel 2019 11:25
1213

“404 Error" və digər xətalar nələri bildirir?

İstənilən internet istifadəçisi bir dəfə də olsa müxtəlif veb səhvlərlə qarşılaşıb. Bu səhvlər müxtəlif səbəblərdən meydana gəlir və normal iş prosesinə mane olur. Problemin nədən ibarət olduğunu asanlıqla anlamaq üçün bir məqama xüsusi diqqət etmək lazımdır - onların hər biri xüsusi koda malikdirlər. Bu kodlar özündə hər hansı bir vacib informasiyanı daşıyan 3 rəqəmdən ibarətdirlər (məsələn, 404,403,504 və s.) Qeyd edək ki, səhvlər xüsusi qruplara bölünür. Məsələn, əgər səhv kodu 4 ilə başlayırsa sifarişçidə, 5 ilə başlayırsa serverdə bir problem olduğunu göstərməkdədir.

Http 404 səhvi (Error 404) internetdən istifadə edən hər bir istifadəçi tərəfindən ən çox rast gəlinən bir səhvdir. Bu səhv tələb olunan faylın veb serverlərində tapıla bilməyəcəyi anlamına gəlir. Əslində, istifadəçi serverə qoşulur, lakin arzu olunan nəticəni əldə edə bilmir. Əgər istədiyiniz səhifə tapılmayıbsa və 404 səhvi yaranıbsa ola bilsin ki, sizin daxil olduğunuz səhifə yenilənib və köhnə URL (yəni səhifənin adresi) artıq işləmir. Ya da veb-səhifənin URL ünvanını düz yığmamısınız. Diqqətlə yoxlayın.

404 səhvi və tez-tez qarşılaşdığımız digər səhv kodlarının mənaları əslində olduqca sadədir.

Error 401 (İcazə yoxdur). Bu səhv kodu kimlik təsdiqləmə tələb edən bir səhifəyə şəxsiyyət vəsiqəsiz, ya da səhv kimliklə girdiyiniz mənasına gəlir. 401 xətası ilə qarşılaşsanız çıxış edib (təkrar) giriş etməlisiniz.

Error 403 (Giriş qadağandır) səhvi bir çox səbəblərdən meydana gələ bilər. Siz serverə yanlış indeks faylı yerləşdirmisiniz. Sizin saytın əsas səhifəsinin faylı index.shtml, index.html, index.htm, index.phtml, ya da index.php adlanmalıdır. Diqqət edin: “Windows"dan fərqli olaraq "OS Linux"da faylların qeyd edildiyi adlar xüsusi mənalara malikdir. Belə ki, index.html  və Index.html iki tamamilə fərqli fayllardır.

Error 502. Bu səhv sayt tərəfindən problem yarandığını bildirir. Problem daha çox hosterin avadanlıqlarının düzgün çalışmadığını və ya düzgün tənzimlənmədiyini göstərir. 502 səhvi zamanı sizin istəyiniz serverə çatıb, lakin hər hansı səbəbdən server bu məlumatı düzgün emal edə bilməyib.

Sevinc Azadi, “İki sahil"