Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə aprelin 30-da “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda ictimai təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri, Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyətinin digər təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, bloqqerlər, alimlər və tələbələr iştirak ediblər.
Ədliyyə nazirinin müavini Azər Cəfərov tədbirdə çıxış edərək bildirib ki, dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamında “Elektron məhkəmə” informasiya sisteminin yaradılması əksini tapıb. Ötən dövrdə bu sistemin tətbiqi üzrə xarici mütəxəssislərin iştirakı ilə xeyli iş görülüb. Hazırda sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində - məhkəmələrin 61, icra qurumlarının 40 faizində tətbiq olunur. Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir.
Çoxsaylı komponentlərdən ibarət olan “Elektron məhkəmə” informasiya sistemi ən mürəkkəb mexanizmləri ehtiva edir. Bu, həm də uzun sürən prosesdir. Digər ölkələrin, xüsusilə ədalət mühakiməsinin rəqəmsallaşması sahəsində nailiyyətləri olan dövlətlərin təcrübəsi göstərir ki, bu sistemin tam tətbiqinə 25-30 il vaxt sərf olunur.
Ədliyyə nazirinin müavini qeyd edib ki, Azərbaycanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlər çərçivəsində sistemin mühüm komponentləri olan məhkəmələrin vahid internet portalı, elektron şəxsi kabinet, məhkəmə qərarlarının vahid bazası, elektron icra sistemi yaradılıb. Vahid məhkəmə portalı fiziki və hüquqi şəxslərə məhkəmə sistemi barədə, o cümlədən ölkənin interaktiv xəritəsi şəklində müfəssəl məlumatlar təqdim edir. Vətəndaşlar bu portal vasitəsilə məhkəmələrin strukturu, növü, yurisdiksiyası, ünvanı və onlarla əlaqə yaratmaq üsulları – poçt və elektron ünvanları, telefon nömrələri, eləcə də hakimlərin təhsili və hüquq təcrübəsi barədə məlumatlar əldə edə bilirlər. Sənədlərin hazırlanması və məhkəməyə təqdim olunması prosesinin asanlaşdırılması üçün portalda dövlət rüsumunun məbləği, iddia, şikayət, etiraz və xahiş ərizələrinin nümunələri təqdim olunur. “Elektron məhkəmə” sisteminə inteqrasiya olunan portal məhkəmə işlərinin vəziyyəti, o cümlədən onların, məhkəmə iclaslarının, bütün kateqoriyalardan olan işlər üzrə çıxarılmış qərarların sayı və sair haqqında məlumatları real vaxt rejimində təqdim edir.
“Elektron şəxsi kabinet” vasitəsilə proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə proseslərini izləmək, təyin olunmuş proseslər barədə SMS, elektron məktub və digər üsullarla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formada hakimin elektron imzası ilə əldə edə bilirlər. Fiziki və hüquqi şəxslərə bank kartlarının köməyi ilə “Şəxsi kabinet”də onlayn məhkəmə rüsumunu ödəmək imkanı yaradılıb.
“Elektron məhkəmə”nin strukturunda məhkəmə qərarlarının vahid bazası da yer alıb. Bu bazada yekun məhkəmə qərarları cəmləşir ki, bu da hakimlərə, vəkillərə və digər hüquqşünaslara məhkəmə təcrübəsinə yiyələnməyə şərait yaradır və beləliklə, düzgün qərarların qəbul olunmasında, müdafiənin doğru qurulmasında onlara kömək edir.
Bildirilib ki, icra orqanlarının fəaliyyətinin səmərəliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə isə “Elektron icra” sistemi yaradılaraq tətbiq olunur. Sistem icra sənədlərinin elektron qeydiyyatını aparır, icra qurumları ilə məhkəmələr arasında kağızsız əlaqələrin qurulmasına, icra işinə elektron nəzarətin həyata keçirilməsinə, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir.
Azər Cəfərov diqqətə çatdırıb ki, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilib, hakimlər və sahibkarlar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilib. Yazışmaların aparılmasının, sənədlərin təqdim edilməsi və alınmasının elektron qaydada həyata keçirilməsi, bütün qərarların elektron dərc olunması islahatlar nəticəsində qazanılan nailiyyətlərdəndir. Bu sahədə islahatlara və tətbiq olunan yeniliklərə beynəlxalq marağın artmasını da nəzərə alaraq, “Elektron məhkəmə” sisteminin səmərəliliyini, məhkəmələrin idarə olunmasında mühüm rolunu təlqin və təşviq etmək üçün Azərbaycan “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” layihəsi ilə Avropa Şurasının müsabiqəsində iştirak edib. Azərbaycanda qazanılan nailiyyətlər “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülüb. Eyni zamanda, digər dövlətlərin nümayəndələri ölkəmizin bu sahədə təcrübəsi ilə tanış olur, mütəxəssislərimiz xarici ölkələrə səfərlər edərək “Elektron məhkəmə” sisteminin tətbiqi təcrübəsini aşılayırlar.
Xüsusi vurğulanıb ki, Azərbaycanda “Elektron məhkəmə” sisteminin tətbiqi ədalət mühakiməsinə ictimai etimadı artırır, ona əlçatanlığı asanlaşdırır, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin məhkəmələrə elektron qaydada onlayn rejimdə daha asan və rahat müraciət etmələrinə imkan verir. Bu, həm də məhkəmə baxışını tezləşdirir, şəffaflığı təmin edir, süründürməçilik hallarının qarşısını alır. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən “Elektron məhkəmə”nin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Hazırda bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir.
Tədbirdə “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupun rəhbəri, hakim Ramin Qurbanov bu sistemin innovativ imkanları, nazirliyin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadənin ədliyyə sahəsində tətbiq olunan yeniliklər, icra baş idarəsinin elektron informasiya üzrə qrup rəhbəri Tural Məmmədov məhkəmə qərarlarının icrası işinin elektronlaşdırılması, informasiya texnologiyaları üzrə baş məsləhətçi, beynəlxalq ekspert Goran Edström elektron ədliyyə infrastrukturunda məlumat təhlükəsizliyi barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, mütərəqqi beynəlxalq standartlar nəzərə alınaraq müasir məhkəmə və ədliyyə elektron infrastrukturunun qurulması, əsas və ehtiyat məlumat mərkəzlərinin yaradılması və məlumat təhlükəsizliyinin təmin olunması istiqamətində Dünya Bankı ilə birgə mühüm işlər görülüb. İnnovasiyalar ədliyyə sahəsində də geniş tətbiq olunmaqdadır. Notariat hərəkətlərinin rəsmiləşdirilməsini asanlaşdıran “Elektron notariat” informasiya sisteminin, məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən elektron ədliyyə köşkünün tətbiqi, notariusların xüsusi səyyar çantası, mobil notariat proqram təminatı və s. vətəndaşlara xidmət sahəsindəki yeniliklərdəndir.
İctimai təqdimatda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.