30 aprel 2019 19:15
1836

Hər bir ölkənin inkişafı üçün ən başlıca şərt  təhsilin səviyyəsidir

Ölkəmiz müstəqillik əldə etdikdən, ən əsası ulu öndər Heydər Əliyevin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü  islahatlara yol açıldı. Ümummilli lider  dünya elmində və təhsilində baş verən yeni çağırışları yüksək səviyyədə cavablandırmaq bu sahədə   islahatların zəruriliyini belə əsaslandırmışdır: «İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Təbii ki, belə bir şəraitdə Azərbaycan özünün təhsil nailiyyətləri ilə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqla daha böyük uğurlara sahib ola bilər.»

Dünya təcrübəsi də göstərir ki, iqtisadi cəhətdən qüdrətli ölkələr sürətli inkişafa yalnız təhsilin səviyyəsini yüksəltmək, insan kapitalını inkişaf etdirmək yolu ilə nail olmuşdular. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev qeyd olunan  təcrübəyə istinadən  bu sahənin  müasir standartlar səviyyəsinə yüksəldilməsini təmin etmək məqsədilə  «Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı»nı təsdiq etmişdir. Proqramdan irəli gələn  demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” ideyası Azərbaycanda təhsil standartlarının yeni dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynamışdır.

 Son 15 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək» tezisi ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına geniş imkanlar açdı. Cənab İlham Əliyevin  ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan   bu vacib sahənin tərəqqisi istiqamətində  atdığı addımlar miqyasının genişliyi ilə diqqət çəkir.  Belə ki, ölkə Prezidenti  təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin monitorinqinin aparılması, təhsil sahəsində inkişafyönümlü tədbirlərin həyata keçirilməsi məqsədilə  «Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında»  Sərəncam imzaladı.  

Bu gün ölkədə aparılan təhsil islahatlarının mərkəzində konseptual xarakterli çərçivə sənədi kimi Milli kurikulumun tətbiqi dayanır. Kurikulum təhsil pillələri üzrə təlim nəticələrini və məzmun standartlarını, həmçinin nəzərdə tutulan fənləri, pedaqoji prosesin təşkilini, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqinin aparılmasını əhatə edir. Ənənəvi təhsil proqramından fərqli olaraq müasir kurikulum şəxsiyyət, nəticə, tələb və  şagirdyönümlüdür. Daha dəqiq desək, təhsil sahəsində fəaliyyət təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət edir.

Ölkəmizdə  milli və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində görülmüş işlər öz müsbət  nəticələrini verməkdədir. Hazırda tətbiq edilən tədris proqramları müasir tələblərə cavab verməklə yanaşı,  təhsilalanların bilik və bacarıqlarını, təfəkkür və düşüncə tərzini lazımi səviyyədə inkişaf etdirməyə imkan verir. Yeni təhsil sistemi  təhsil işçilərinin qarşısında mühüm tələblər qoyur:  Təhsilverənlər işə peşəkarlıqla yanaşmalı, kreativ yanaşmanı, yeni təlim texnologiyaları və metodlarını öz fəaliyyətində tətbiq etməyi bacarmalıdır.

Qürur hissi ilə vurğulamalıyıq ki, bu gün  Naxçıvan Muxtar Respublikasında  təhsilin məzmununun tələb edilən səviyyədə müəyyənləşdirilməsi həm infrastruktur, həm də kadr hazırlığı baxımından yüyksəkdir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikadakı təhsil ocaqları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, onların fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil artmış,  təhsil müəssisələrinin maddi-texniki, tədris bazası möhkəmləndirilmiş və bunun nəticəsi olaraq  şagirdlərin bilik göstəriciləri yüksək rəqəmlərlə ifadə olunmuşdur.  Bugünkü uğurlarımız reallığa əsaslanan  belə bir fikri ifadə etməyə əsas verir ki,  hər  bir ölkənin inkişafı üçün ən başlıca şərt  təhsilin səviyyəsidir.

Ruhəngiz Əliyeva,

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi