Radikal düşərgənin ənənəvi mərəzi olan birincilik şansına sahiblənmək istəkləri heç vaxt reallaşmadığı kimi, partiya sədrləri arasında ixtilaflar da bitmir. Vaxtilə yaranan blokların, birliklərin hansı səbəbdən yoxa çıxdıqlarını xatırlayanda çirkab bataqlığı olan dağıdıcı düşərgədə baş verənlərin təhlilinə belə ehtiyac qalmır.
İllərdən bəri AXCP-Müsavat çəkişmələrinin başlıca səbəbi olan düşərgədə birincilik uğrunda mübarizədə tərəflər arasında baş verən ixtilafların nə ilə nəticələndiyini də hər kəs bilir. İllər keçsə də , hər iki partiyada istefalar çoxalsa da, sosial bazaları yoxa çıxsa da, hələ də özlərindən razılıq duyğularından əl çəkməyən funksionerlər bu gün də eyni hisslərini büruzə verməkdədirlər.
Artıq radikal düşərgədə baş verənlərdən aydın olur ki, sosial bazaları getdikcə yoxa çıxan, “əriyən” müxalifət barədə danışmaq belə yersizdir. Çünki son günlərdə paslanmış, kif atmış düşüncələri ilə varlıqlarını göstərməyə çalışan AXCP, Müsavat və digər partiyalar arasındakı gərginliklər nəinki səngimir, əksinə yeni çalarlar üzrə güclənməkdədir. Mitinq keçirmək istədikləri məqamda, günlərin təyin edilməsində belə razılığa gəlməyən, intriqa yaradan tərəflər bəhanə üçün ən kiçik amildən yararlanırlar.
Müsavatda keçirilən qurultay ərəfəsində özünün bildirdiyi kimi, haqsızlığa məruz qalan və partiyadan istefa verməklə “Ağ partiya” adlı qurum yaradan Tural Abbaslı ilə AMDP-nin sədri İsgəndər Həmidov arasında başlanan intriqaların da səbəbi özündən başqa kimsənin düşüncələrini qəbul etməməkdir.
Dağıdıcı müxalifət nümayəndələri arasında yaranan ziddiyyətlərin bir səbəbi də funksionerlərin qrant xatirinə hər cür rəzilliklə barışmalarıdır. Xarici havadarlarından aldıqları qrantlar hesabına özlərini “siyasi biznesmen” kimi aparan, əslində isə siyasi möhtəkirlər olan partiya sədrləri başqa ölkələrdə məskunlaşan agent şəbəkəsi ilə əlaqə yaradaraq Vətənə xəyanət edən satqınların payına da şərik olurlar. Eyni mərkəzdən idarə olunan bu satqınların əsas niyyətləri qüdrətli Azərbaycanın nüfuzuna kölgə salmaqdır.
Siyasi çəkişmələrin mərkəzində isə AXCP, partiyanın sədri Əli Kərimlinin inhisarına aldığı “Milli Şura” dayanır. Rəqib isə həmişə olduğu kimi Müsavatdır. Yarandığı ilk günlərdə əsasən dini radikallar hesabına formalaşan, üzvlərinin sayı 129 olan “Milli Şura”da hazırda cəmi 16 keçmiş təsisçinin qalması bir çox mətləblərə aydınlıq gətirir. Kompromat savaşdan söz müharibəsinə çevrilən AXCP-Müsavat intriqalarına qoşulan ADP, KAXCP təmsilçiləri də ehtiyat oyunçu kimi arada bir meydanı qızışdırırlar.
Müsavata başqanlığı ələ keçirdiyi ilk günlərdən Arif Hacılıya partiya üzvlərinin münasibəti mənfi istiqamətdə cərəyan etməkdədir. Partiya üzvlərinin əksəriyyətinin dəstəyini qazanmayan Arif Hacılıya olan belə soyuq münasibətdən yararlanan Əli Kərimli əvvəlki rəqibinə qarşı əzəli düşmən mövqeyini yeni istiqamətlər üzrə təzələməkdədir. Aşkar olan əsas məsələ isə AXCP-Müsavat başçıları arasında gərginləşən vəziyyətdən istifadə edən narazıların partiyalardan istefalarının sürətlənməsidir. Vəziyyət o yerə çatıb ki, bir çox partiyalar qurultay keçirmək üçün üzv tapa bilmədiklərindən hansısa qapalı bir məclisdə “qurultay keçirildi” görüntüsü yaratmaqla varlıqlarını təsdiqlədiklərini zənn edirlər. Təki beynəlxalq təşkilatlardan ayrılan qrantlardan qul haqqı alsınlar.
Müsavatda başqanın səriştəsizliyi ilə bağlı sözləri AXCP üzvləri də öz sədrləri Əli Kərimli haqqında söyləyirlər. Özünün 25 illik “siyasi fəaliyyətini” qabartmağa çalışan Əli Kərimlinin düşüncəsinin əksinə olaraq dağıdıcı düşərgədə hər kəs təsdiqləyir ki, özünü “islahatçı” kimi qələmə verməyə çalışan “yurd şefi” ancaq qrant qoparmaq yarışında “əsas islahatçıdır.” Ağa qara deməklə iqtidarın apardığı siyasətə kölgə salmağa çalışan başqanla “islahatçı sədr”in “siyasətdə uğur qazanmaq” barədə danışmağa heç vaxt sözləri olmayıb. Bundan sonra da olmayacaq. Çünki hər iki partiyanın yerli təşkilatlarından sədrlərinə qarşı etimadsızlığı bildirən etirazlar səslənməkdədir. Daha çox xarici havadarları ilə işləməyə çalışan, özlərini dağıdıcı müxalifətin aparıcı siması zənn edən Arif Hacılı kimi Əli Kərimli də çıxdaş, piyada siyasətçi olduqlarını uğursuzluqları ilə çoxdan bəyan ediblər. “Siyasi mübarizə”lərini saytlar vasitəsilə söyüş, təhqir yağdırmaqla bildirən hər iki partiya sədrinin qarşılıqlı ittihamları da xəyanət dolu çirkablarından xəbər verir. Xəbər demişkən, bir atalar sözü yada düşdü. “Xəbərlə nubara az qalıb” atalar sözünün hikmətinə inanaraq və hadisələrin gedişindən yaranan məntiqə əsaslanaraq deyirik ki, Əli Kərimli ilə Arif Hacılının sədrlik şansının tükəndiyi vaxta az qalıb.
Xuraman İsmayılqızı, “İki sahil”