27 iyun 2019 18:51
3384

“Azərbaycan” qəzeti: tariximizin güzgüsü”

İyunun 27-də bu mövzuda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans və “100 yaşlı “Azərbaycan” kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov söylədi ki, “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdıdır: “Bu qəzetdə dərc olunmuş materialların Cümhuriyyət tarixinin öyrənilməsində ilkin mənbə kimi əhəmiyyəti böyükdür. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilib. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrinin başında qəzetin adı ilə yanaşı “Türk və islamçılığa aid məqalələrə “Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilib. “Azərbaycan” qəzeti 1918-20-ci illər ərzində çap olunan saylarında Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib. Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilib”.

Y.Mahmudov bildirdi ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar: “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda “Azərbaycan” qəzeti və onun ilk redaktorları barədə geniş məqalələr yer alıb. Cümhuriyyət tarixinin bəzi xadimləri ağır təqiblər şəraitində ölkəni tərk etsələr də, Üzeyir bəy Hacıbəyli onu nələr gözlədiyini bildiyi halda, heç yana getmədi. Yəni Vətən yolunda şəhid olmağı şərəf sayaraq ölümün gözünə dik baxıb burada yaşadı”.

Elmi konfransda Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Dövrümüzün obyektiv salnaməçisi və etibarlı arxivi” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən “Azərbaycan” qəzeti Xalq Cümhuriyyəti zamanında çıxan eyni adlı qəzetin varisidir: “Azərbaycan” qəzeti bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. Qəzetin ilk redaktoru Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olub. Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycanın tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunub. “Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin dörd baş redaktoru olub. Onlardan yalnız Üzeyir Hacıbəyli özünün musiqi dühası ilə sovet repressiyasından xilas ola bilib. Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli ömürlərini qürbətdə, sıxıntılar içində başa vurublar. Xəlil İbrahimin isə heç qəbrinin harada olduğu məlum deyil. Sovet dövründə Cümhuriyyətin qurucuları kimi, qəzetin üzərinə də qadağa qoyulub. Hətta BDU-nun Jurnalistika fakültəsində bu qəzetlə bağlı ümumiyyətlə, heç bir söhbət getmirdi”.

B.Sadıqov qeyd etdi ki, “Azərbaycan” qəzeti ölkəmizin tarixində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayıb: “Ulu öndər Heydər Əliyev daim redaksiyamızla əlaqə saxlayıb tövsiyə və məsləhətlərini verirdi. Jurnalist yaradıcılığına bu qayğını cənab Prezident İlham Əliyevdən də görürük. Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivinə müxtəlif dövrlərdə təbrik məktubları göndəriblər”.

Sonra Bəxtiyar Sadıqov Tarix İnstitutuna “Azərbaycan” qəzetinin cümhuriyyət dövründə dərc edilmiş nömrələrini elektron variantda, Yaqub Mahmudov isə qəzetə institutun nəşrlərini - “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə”, “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını təqdim etdi.

Konfransda, həmçinin “100 yaşlı “Azərbaycan” adlı kitabın təqdimatı oldu. Kitabda ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının qəzet haqqında məqalələri dərc olunub və bu nəşrin bütün fəaliyyətinə nəzər salınıb. Nəşrin redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul şəxs isə Əməkdar jurnalist İxtiyar Hüseynlidir.

Daha sonra tarixçi alimlər Tofiq Nəcəfli və Cəbi Bəhramov “Müstəqillik dövründə Azərbaycan tarixi məsələləri “Azərbaycan” qəzetinin səhifələrində”, Vaqif Abışov “Azərbaycan” qəzetinin səhifələrində Türkiyə tarixinin əksi (1918-1920-ci illər)”, Rəşad Rüstəmov “Azərbaycan Xalq Cümhuriyyəti mövzusu “Azərbaycan” qəzetinin səhifələrində (müasir dövr)” və Akif Vəliyev “Qafqaz İslam Ordusu hərəkatı “Azərbaycan” qəzetində” mövzularında çıxış etdilər.

Cavid Əkbərov, “İki sahil”