Yay fəslinin özünəməxsusluqlarından biri də yüksək temperaturlu hava şəraitidir. Ardıcıl olaraq günlərlə davam edən isti havalar meteohəssas insanlar üçün xüsusilə təhlükəlidir. Yüksək temperaturlu hava şəraiti hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli ola bilər.
Çox isti hava əsasən insanın ürək-damar sistemi üçün problemlər yaradır. Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və orqanizmin su itkisini artırır. Bu su ilə birgə lazımi elementlər, minerallar, yəni natrium, maqniy, kalium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə ürəyə qan dövranı miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Maye azlığı nəticəsində ürək əzələləri daha tez-tez yığılıb açılmağa başlayır. Qanın maye hissəsi plazma istidən azalır, bu da qanın laxtalanmasını artıraraq, tromb, ürək tutulması yaradır. Sağlam insanın ürəyi istiyə yorğunluq, halsızlıq və təngnəfəsliklə reaksiya verir. Ürəyi zəif və xəstə olanlarda isə vəziyyət həyati təhlükəli ola bilər. Ən təhlükəlisi infarkt və tromboemboliyadır. Çox isti havalarda hətta müasir dərmanlar da təsir etmir.
Bəs isti havaların əks təsirindən necə qorunmalı?
Ürəyi zəif olanların isti havada uzaq yola, dağa-bağa, dənizə, kabab yeməyə getməsi arzu olunmur.
Eləcə də isti havada, gündüz alkoqol içib, ağır qidalar qəbul etmək olmaz.
Belə qidalanmaya ürək əlavə güc sərf edir.
Həkimlər ürək dərmanı qəbul edənlərə isti havalarda məclis masasına oturmağı qadağan edir.
Quzu və mal əti toyuq ətinə, quş ətinə, dəniz məhsullarına əvəz olunmalıdır.
Xörəklər az yağ və duzla hazırlanmalıdır.
Yeməklər çox və isti yeyilməməlidir.
Yola çıxanda su və antihipertenziv sprey və ya tablet, yəni təzyiq əleyhinə dərman götürülməlidir.
Metro və avtobusa yelpik və cib ventilyatoru ilə girmək lazımdır.
Susuzluğu yatırtmaq üçün qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil.
Suyu az-az, tez-tez içmək lazımdır.
Ürəyi zəif olanlar sıx alt geyimi, rezinli geyimlər, sintetik parçalar istifadə etməməlidir.
Mütləq başında papaq və ya çətirlə gəzməlidir.
Evdə və işdə kondisioner varsa, hava nəmləndirici vasitə də alınmalıdır.
Günorta saatlarında xüsusilə 1-5 arası uzun yol getmək olmaz.
Bütün vacib işləri səhər 12-yə kimi, ya da axşam 6-dan sonraya həll edin.
Bu cür isti hava şəraitində qidalanmaya xüsusilə diqqət yetirmək lazımdır. Ona görə də bir sıra xüsusi məhsullar var ki, onların yayda yeyilməsi orqanizmə müsbət və lazımlı təsir göstərir:
Sağlamolun.az saytında qeyd olunan tövsiyələrə əsasən, bu cür qidalar arasında pomidor mühüm yer tutur. Ürək və damarlar üçün çox faydalı likopinlə zəngin olan pomidor ürək hüceyrələrini qoruyur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır. Cəfəri də damarlarda trombların əmələ gəlməsinin riskini azaltmaq xüsusiyyətinə malikdir. Ürək-damar sistemi üçün ən faydalı məhsullardan biridir - sərbəst radikalların təsirini azaldır, damarların sağlamlığını qoruyan qara və qırmızı üzümdür. Qanın durulmasına və kapilyarların möhkəmlənməsinə müsbət təsir göstərən moruq meyvəsi də yayın lazımlı qidalarındandır. Balıq isə damarlarda iltihabı azaldır, aterosklerozun inkişafını ləngidir. Süd məhsulları təzyiqi tənzimləyir, ürək üçün faydalıdır. Kalium və maqneziumla zəngin olan banan təzyiqi tənzimləyir, ödemləri azaldır, ürəyin fəaliyyətini yüngülləşdirir. İsti havanın orqanizmə olan mənfi təsirini ən yaxşı azaldan vasitə çökə güllərinin dəmləməsidir. Bu dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır. Dəmləməni soyuq halda içmək və su ilə durulaşdırıb uşaqlara da vermək olar.
Əgər rahat yay istirahətinizi isti havanın yaratdığı fəsadlarla korlamaq istəmirsinizsə, ən əsası da sağlamlığınızın qayğısına qalırsınızsa, o zaman yuxarıda qeyd olunan vacib məqamlara əməl etməkdə fayda var.
Yaqut Ağaşahqızı, “İki sahil”