20 fevral 2016 01:18
579

Narkomaniyaya qarşı mübarizədə effektiv maarifləndirmə tədbirləri həyata keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramf’nın icrası ilə bağlı Təhsil Nazirliyi 12.08.2013-cü il tarixli 767 nömrəli əmrlə Tədbirlər Planı təsdiq etmişdir. Tədbirlər Planına uyğun olaraq qanun pozuntularına meyilli olan yetkinlik yaşına çatmayanların yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və bələdiyyələr, polis orqanları, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, onların narkomaniya ilə bağlı profilaktik tədbirlərlərə məqsədyönlü cəlb edilməsi məqsədilə təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. Yerlərdə, xüsusən polis idarələrinin yetkinlik yaşına çatmayanlarla iş üzrə müvəkkilləri ilə daim əlaqə saxlamağın, tibb işçiləri ilə pedaqoji kollektivlərin müntəzəm görüşlərinin təşkilinin zəruriliyi xüsusi qeyd olunmuşdur.

Tədbirlər Planına uyğun olaraq təhsil müəssisələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iştirak edən dövlət və qeyri-dövlət təşkilatlarının təşkil etdiyi tədbirlərdə fəal iştirak etmiş, onlara təşkilati, mənəvi və maddi köməklik göstərmişlər. Bunlarla yanaşı, təhsil müəssisələrində “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiklərə yox deyək”, “Gənclər sağlam həyat tərzini seçirlər”, “Narkotiksiz Azərbaycan” mövzularında üzrə toplantılar, görüşlər, müzakirələr keçirilmişdir və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Təhsil Nazirliyi sistemindəki valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil aldığı müəssisələrdə “Ümidli Gələcək Gənclər Təşkilatı”, “Save the Children (Uşaqların Xilası)”, “Kimsəsiz və Xəstə Uşaqlara Yardım Fondu”, “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı” İctimai Birliyi tərəfindən müxtəlif vaxtlarda narkotik vasitələrin insan orqanizminə zərərli təsirlər barədə maarifləndirici təlimlər təşkil edilmişdir. İnternat məktəblərində də yuxarı sinif şagirdlərinə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş mühazirələr keçirilmişdir.

Ali təhsil müəssisələrində “Narkomaniya-ictimai bəla”, “Narkotik maddələrdən asılılığın törətdiyi fəsadlar” və s. mövzularda seminarların, həmçinin ənənəvi olaraq hər il Bakı şəhərində fəaliyyət göstərən ali məktəblərin, kollec və orta məktəblərin, məktəbdənkənar müəssisələrin məsul əməkdaşlarının iştirak ilə “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktiki konfransın keçirilməsi də mühim əhəmiyyət kəsb edir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı vacib məsələlərdən biri kimi narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə təhsil və gənclər təşkilatları, əmək kollektivləri və valideynlər üçün Təhsil Nazirliyinin təşkilatçılığı və beynəlxalq humanitar təşkilatların texniki dəstəyi ilə müxtəlif dərs vəsaitləri, proqramları, Təhsil Problemləri İnstitutu tərəfindən “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsait və “Narkomaniyaya qarşı mübarizədə məktəb psixoloqlarının rolu” adlı metodik tövsiyələr hazırlanmışdır.

Artıq neçə ildir ki, BMT-nin Qlobal Fondunun maliyyə və YUNİSEF-in texniki yardımı ilə ümumtəhsil məktəblərinin l-XI siniflərində “Həyati bacarıqlara əsaslanan təhsil” adlı fakültativ kurs tədris olunur. Həmin kursun dərs vəsaitinə hər sinif üzrə narkomaniyanın zərəri, sağlam həyat tərzi, zərərli vərdişlər və s. barədə mövzular daxil edilmişdir.

Bunlarla yanaşı, Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına daxil olan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən il ərzində Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkir rayonlarında “Sağlam həyat” Respublika Məktəblərarası Debat Forumu keçirilmişdir.

Təhsil Nazirliyinin bu sahədə aparacağı maarifləndirmə tədbirlərinin daha effektiv həyata keçirilməsini təmin etmək məqsədilə narkomaniya ilə mübarizə və profilaktika sahəsində tanınmış mütəxəssislərdən ibarət müşahidə-ekspert qrupu yaradılmışdır.

Təhsil Nazirliyinin mətbuat xidməti