05 sentyabr 2019 10:42
801

Vizanın ləğvi: Qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına töhfə

Xəbər verildiyi kimi, sentyabrın 1-dən Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Artıq qüvvəyə minən qərara əsasən, Azərbaycana 30 gün müddətində səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub. Həmçinin Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad ediliblər.

Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri ilə uğurla inkişaf edən qardaşlıq münasibətlərinin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi xarakterizə etdiyi ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr bir daha xalqlarımızın dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafının nəticəsidir ki, viza sahəsindəki əməkdaşlıqda yeni səhifə açılıb,  hər iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinin təmin edilməsinin asanlaşdırılmasına şərait yaranıb. Qeyd edək ki, 2007-ci ildə Türkiyə  Azərbaycan vətəndaşları üçün viza rejimini təktərəfli şəkildə ləğv edib. Sentyabrdan etibarən isə viza rejiminin ikitərəfli ləğvi hər iki ölkə arasında turistlərin sərbəst gəliş-gedişini təmin edəcəkdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva viza tətbiqinin ləğvinin iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına töhfə verəcəyini bəyan edib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə “Twitter” hesabında “Bir millət, iki dövlətə yaraşan oldu!” paylaşımını edib. Eyni zamanda Türkiyəli nazir öz “Twitter”ində Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyə Xarici İşlər Nazirliyinə göndərdiyi sənədi də paylaşıb. Sənəddə deyilir ki, Azərbaycana 30 günədək səfər etmək istəyən Türkiyə vətəndaşları üçün sentyabrın 1-dən viza tələbi qarşılıqlı qaydada ləğv edilir.

Artıq bir neçə gündür ki, ölkəmizə gələn Türkiyə vətəndaşları yalnız xarici pasportlarını təqdim etməklə sərhədi keçirlər. Vizasız rejimdən  ilk yararlanan  isə Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz olub. O, KİV-ə açıqlamasında bildirib ki, bu gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunduğu önəmli bir gündür: “Əslində bir neçə ay öncə gəlməyi planlaşdırırdım. Viza rejiminin ləğvini eşidəndə isə sərhədi keçmək üçün avqustun 31-də gecə saat 12-ni gözlədim. Mən də bu məqsədlə ailəmlə birlikdə Türkiyədən Bakıya gəldim. Azərbaycana salam olsun. Bu, mənim Azərbaycana ilk səfərimdir.”

Türkiyəli qonağımızın etdiyi jesti isə maraqla qarşılanıb. Belə ki, o, avtomobilini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyib,  başlığında “Türk Dünyasının Kahramanı” yazılmış, Milli Qəhrəman Mübariz İbrahimovun şəklini  yapışdırıb.

Bəli, ulu öndər Heydər Əliyevin illər öncə söylədiyi “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bir daha real həyatda öz təsdiqini tapdı. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Dostluq, qarşılıqlı etimad, səmimi münasibət, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün bütün dünyaya örnəkdir.

Yaqut Ağaşahqızı,

“İki sahil”