08 noyabr 2019 15:40
1865

Rövnəq Abdullayev neftçiləri təbrik etdi

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə neftçiləri təbrik edib.

“İki sahil”ə daxil olan təbrikdə qeyd edilir:

Əziz neftçilər!

Sizi 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Müstəqilliyimizin başlıca atributu olan dövlət bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1918-ci ildə yüksələn, iyirminci əsrin sonlarında isə xalqımızı yenidən istiqlal mübarizəsinə aparan üçrəngli bayrağımız Azərbaycan tarixinin ən parlaq hadisələrinə şahid olmuşdur. Bolşevik işğalı nəticəsində digər milli-demokratik dövlət təsisatları ilə birlikdə tarixə qovuşan bayrağımıza ikinci həyatı xalqımızın Ümummilli lideri Heydər Əliyev vermişdir. Ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində fəaliyyət göstərərkən 1990-cı il noyabrın 17-də üçrəngli bayrağı yenidən ucaldaraq, onu Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq etmişdir. Bu, Ulu öndərin milli azadlıq ideallarına, demokratiya prinsiplərinə olan sarsılmaz inamının təzahürü, xalqımızın müstəqillik yolunda ilk böyük zəfəri, istiqlal dəyərlərinə sədaqətinin nümunəsi idi. Bu əziz gündə Azərbaycan xalqı ümummilli liderimizin əziz xatirəsini böyük ehtiramla yad edir.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən müdrik və uzaqgörən siyasət müstəqil dövlətçiliyimizin ən etibarlı qarantıdır və Azərbaycan xalqını inkişaf və tərəqqi yolu ilə daha yüksək zirvələrə aparır. Bu qalibiyyətli siyasi kurs ölkəmizin sosial-iqtisadi inkişafını yeni pillələrə qaldırmış, xalqımıza misilsiz nailiyyətlər qazandırmışdır. Bu gün Azərbaycan dünya birliyinə uğurla inteqrasiya olunmuş, beynəlxalq aləmdə özünə layiqli yer tutmuşdur və mövqelərini ilbəil möhkəmləndirir. Ən yüksək beynəlxalq qurumların qarşısında vüqarla dalğalanan üçrəngli Azərbaycan bayrağı bu parlaq nailiyyətlərimizin güzgüsü, xalqımızın əbədi iftixar mənbəyidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2009-cu ildən Dövlət Bayrağı Günü respublikamızda böyük sevinc və fərəh hissi ilə təntənəli şəkildə qeyd edilir. Xalqımız əmindir ki, dosta fəxarət, düşmənə göz dağı olan müqəddəs bayrağımızın işğal olunmuş Azərbaycan torpaqlarına da sancılacağı gün uzaqda deyil!

Əziz neftçilər!

Sizi bir daha Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, Azərbaycan iqtisadiyyatının çiçəklənməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.