KÖŞƏ

Taleh Bağırov

Ermənistanda yeni etirazlar

14 noyabr 2019 19:13
3780

İşğalçı ölkə Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra kütləvi etirazların sayı artmaqda davam edir. Siyasi və sosial vəziyyətin gündən-günə daha da ağırlaşması, bir sıra nazirlik və digər dövlət əhəmiyyətli müəssisələrdə işçilərin ixtisar edilməsi, idxal məhsullarının qiymətinin bahalaşması və sair bu kimi hallar azmış kimi bu günlərdə daha bir qanun layihəsi yeni etiraz dalğasına səbəb olub. Belə ki, Ermənistan hökumətinin hazırladığı ali təhsil haqqında yeni qanun layihəsində universitetlərin qeyri-humanitar fakültələrində erməni dili, erməni tarixi və ədəbiyyat dərslərinin ləğv olunması qərarına etiraz edən tələbələr və professor-müəllim heyəti bir günlük tətil keçirib.

Ermənistan KİV-nin yaydığı məlumata əsasən, etirazlara rəhbərlik edən Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin professoru Narina Dilbaryan bu mübahisəli qanun layihəsini Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə müzakirə etməyi tələb edib. Tətillə paralel olaraq Yerevanın mətbuat mərkəzlərindən birində tarixçi alimlər də mətbuat konfransı keçirərək etirazlarını bildiriblər. Erməni dilinin və ədəbiyyatının arxa plana atıldığını iddia edən nümayişçilər nazir Araik Arutyunyanın istefasını tələb edirlər. Göründüyü kimi, xarici siyasətdə olduğu kimi, daxili siyasətdə də heç cür müsbət  nəticə əldə edə bilməyən Paşinyan hökuməti atdığı hər addımda xalqın etirazı ilə qarşılaşır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Paşinyan hökumətinin xalqı narazı salan digər qərarlarından biri də son zamanlar iş yerlərində edilən kütləvi ixtisarlardır. Artıq bir neçə nazirlik və digər dövlət qurumları ilə yanaşı, polis sistemində də kütləvi ixtisarların başlandığı bildirilir. Bu barədə polis xidmətinin rəhbəri Valeri Osipyan da deyilənləri təsdiq edib. O, narazılığın həmişə olduğunu, vəzifələrini yerinə yetirə bilmədikləri üçün bəzi polisləri vəzifədən azad etdiyini etiraf edib. Sirr deyil ki, bu ölkədə polisin kriminal qruplaşmalarla əlaqələri də dəfələrlə mətbuatın gündəmində olub. Yadınızdadırsa bir müddət keçmiş prezident Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyanın Praqada aşkara çıxarılması məhz yeni hakimiyyətlə kriminal aləmin sıx əməkdaşlığının nəticəsi idi. O zaman yazılan xəbərlərə inansaq N.Sarkisyanı kriminal avtoritet olan Andranik Soqoyanın satdığı bildirilirdi.

Əlbətdə, Ermənistandakı gərgin siyasi-sosial vəziyyətlə bağlı çox yazmaq olar. Lakin buna ehtiyac yoxdur, çünki fakt göz qabağındadır. Ermənistandakı yeni hakimiyyət heç də əvvəlkindən yaxşı olmadı, əksinə ölkəni sonu görünməyən, heç bir ciddi məqsədi olmayan yola saldı.