Bu günlərdə SOCAR-ın Ekologiya İdarəsinin təşəbbüsü və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinin iştirakı ilə “Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü”nə həsr olunmuş “Açıq dərs” keçirilmişdir.Bildirilmişdir ki, 1986-cı ildən 19 fevral tarixini Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü (Balinalar Günü) kimi qeyd edilir. Hazırda dünyada təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur. Açıq dərsdə şagirdlər təqdimatla çıxış etmiş, dünya okeanında ən kiçik suitilərin Xəzərdə olması haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, Təbiətin Mühafizəsi Beynəlxalq Birliyi Xəzər suitilərini «zəif» növlər siyahısına əlavə etmişdir.
“Açıq dərs”də Ekologiya idarəsinin əməkdaşları SOCAR-ın ekoloji fəaliyyəti, xüsusi ilə Bakı buxtası və Xəzər dənizinin sahil zolağı boyunca ekoloji sağlam mühitin yaradılması məqsədi ilə, həyata keçirilən tədbirlər haqqında məlumat vermiş, lisey şagirdlərini maraqlandıran sualları cavablandırmışlar. Açıq dərsin sonunda xatirə şəkli çəkdirilmişdir.