23 yanvar 2020 15:11
1140

Xalqın etimadını doğrultmaq başlıca vəzifədir - FOTO

Növbədənkənar parlament seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşləri Ağdaş rayonunun Şəkili, Qoşaqovaq, Qolqəti və Korarx kəndlərində keçirilib.

YAP Ağdaş rayon təşkilatının sədri, deputatlığa namizəd Cavid Osmanov ölkədə hayata keçirilən uğurlu daxili və xarici siyasətə diqqət çəkib, son 16 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirib ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyir. Daha sonra ölkənin bütün bölgələrində olduğu kimi, Ağdaş rayonunda da geniş vüsət alan abadlıq-quruculuq işlərinə toxunan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin Ağdaş rayonuna olan xüsusi diqqət və qayğısından danışıb. Rayonda kənd yollarının yenidən qurulduğunu, məhz bu işlər nəticəsində Şəkili və Qoşaqovaq kəndlərinə də yeni asfalt yolun çəkildiyini vurğulayıb. Cavid Osmanov bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin və onunla çiyin-çiyinə birgə addımlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri yorulmaz fəaliyyətin bəhrəsi olduğunu bildirib. Ağdaşlıların hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olduğunu diqqətə çatdıran C.Osmanov göstərdikləri yekdil dəstəyə görə seçicilərə minnətdarlığını bildirib.

Görüşlərdə çıxış edən təbliğat qrupunun üzvlərindən Vaqif Hacıyev, Tənzilə Şıxıyeva, İsmayıl Xudiyev və Sevgili İbrahimova Cavid Osmanovun Milli Məclisdəki fəaliyyətinə nəzər salıblar, rayon üçün gördüyü işlərdən danışıblar. Onlar  seçiciləri səsvermə günü düzgün seçim edərək, yekdil şəkildə Ağdaş üçün YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər adından çıxış edən Şəkili kənd sakinləri Mirxalid Yunusov, Əlövsət İsmayılov, Ağasəf Məcidov, Qoşaqovaq kənd sakinləri Yusif Muradov, Təqrəddin Xəlilov, Zəkiyyə Abdullayeva, Mahir Məmmədov Qolqəti kənd sakinləri – Məmmədismayıl İsmayılov, Gülçöhrə İsmayılova, Zülfəli Zeynalov, Korarx və Cüvə kəndlərindən Rəfail Məhyəddinov, İsrafil Xəlilov və Rahim Zakirov qeyd ediblər ki, ağdaşlılar hər zaman dövlətə, dövlətçiliyə sadiqdirlər. Öz seçimlərini ilk gündən müəyyənləşdirdiklərini bildirən kənd sakinləri bəyan ediblər ki, onların seçimi Ağdaşı Milli Məclisdə layiqincə təmsil edən və yenidən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cavid Osmanovdur.

Orxan Vahidoğlu, “İki sahil”