23 fevral 2016 00:10
174

Keniya neft ixrac etməyə başlayıb

Afrikanın şərqində yerləşən Keniya tarixində ilk dəfə xam neft ixrac etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, Turkana əyalətində keçirilən mərasimdə Keniya Prezidenti Uhuru Kenyattanın neft ixracının ölkənin irəliyə istiqamətlənən uzun və məhsuldar bir səfərinin başlanğıcı olduğunu deyib və bunu tarixi gün adlandırıb. O ölkə iqtisadiyyatı yaxşılaşdırmaq məqsədilə bundan sonrakı müddətdə neft və qaz sektorunun inkişaf etdirilməsi istiqamətində işlərin artacağını bildirib.

Keniya inşa edəcəyi neft boru kəməri tamamlanana qədər ölkənin şimal-qərbindəki “Lokichar” yatağından çıxarılan gündəlik 2-4 min barrel xam nefti ilkin mərhələdə quru yolu ilə xüsusi dizayn edilmiş yük maşınları ilə daşıyacaq. Ölkənin sahil seqmentindəki Mombasa limanına daşınacaq neft buradan tankerlərlə Çin və Hindistan kimi ölkələrə ixrac ediləcək.

Lokichar-Lamu boru kəməri 2 milyard dollara başa gələcək, uzunluğu 890 kilometr olacaq və 2021-ci ilin ikinci rübündə inşası tamamlanacaq. Bu kəmərlə gündəlik 100 min barrel neft ixrac edilməsi gözlənilir.

İlk dəfə İngiltərənin “Tullow Oil” şirkəti tərəfindən 2012-ci ildə kəşf edilən Keniyanın xam neft ehtiyatının 750 milyon barrel olduğu bildirilir.