“Azərikimya” İB SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra SOCAR Sumqayıt əhalisi üçün bir sıra mühüm sosial layihələri həyata keçirib.
Şirkətin dəstəyi ilə “Kimyaçı” poliklinikası və Təcili Tibbi Yardım Mərkəzi yaradılıb, müasir tibb avadanlıqları ilə təchiz edilərək sakinlərin xidmətinə verilib. Ötən il 17 saylı “Gül” uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Şəhəri təmsil edən “Sumqayıt” Peşəkar Futbol Klubu və bu klub üçün geniş idman kompleksi yaradılıb. Cüdo Təlim İdman Mərkəzinin binası və “Kimyaçı” Mədəniyyət sarayı, həmçinin SOCAR-ın dəstəyi ilə əsaslı təmir olunub.
“Azərikimya” İB-nin əməkçiləri sosial dəstək məqsədi ilə şəhərin məhəllə və mikrorayonlarını abadlaşdıraraq, bir sıra məktəb və bağçaları təmir edib, bəzi məktəblərin idman zallarının, kitabxanaların, yaşayış binalarının dam örtüklərini dəyişdirərək, fasadları rənglənib, nümunəvi məhəllələr yaradıblar. SOCAR işçiləri şəhərin sənaye zonasında 100 minlərlə ağac əkiblər.
2019-cu ildə Sumqayıtın 70 illik yubileyinə SOCAR-ın ən böyük töhfəsi “Nizami” kinoteatrının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi olub. Şəhər sakinlərinin böyük rəğbətinə səbəb olan bu layihə 7 aya həyata keçirilib. 2019-cu il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə istifadəyə verilən kinoteatr artıq şəhər sakinlərinin, əsas etibarilə də gənclərin sevimli istirahət mərkəzinə çevrilib.
Orxan Vahidoğlu, "İki sahil"