28 fevral 2020 10:07
1993

Elmə həsr olunan ömür

Görkəmli dilçi alim, türkoloq, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü, professor, hər şeydən öncə isə sadə və səmimi müəllim Əbülfəz Quliyevin 70 yaşı tamam olur. XX əsrin 70-ci illərində Azərbaycanda elm sahəsində baş verən inkişaf, yeniləşmə gənc istedadların üzə çıxmasına və yeni alimlər nəslinin yetişməsinə təkan verdi. Əbülfəz Quliyev də bu gənclərin sıralarında idi. Uzun illərdir ki, türk dillərinin tədqiqi sahəsində yorulmadan fəaliyyət göstərən yubilyarın elmi əsərləri bu gün bir çox türkdilli universitetlərdə tədris olunur.

Əbülfəz Quliyev 1950-ci ilin baharında martın 27-də Naxçıvan şəhərində dünyaya göz açmışdır. Maraqlıdır ki, Əbülfəz müəllimin dünyaya göz açdığı gün “Elm günü”nə təsadüf edir. İlk təhsilini Naxçıvan şəhərindəki 2 saylı orta məktəbdə alan Əbülfəz müəllim daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirir və Naxçıvan şəhərindəki 1 saylı məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə başlayır. Onun pedaqoji fəaliyyəti sonrakı bütün dövrlərdə də davam etmişdir. Əbülfəz müəllim öz sahəsini mükəmməl bilən yaxşı pedaqoq kimi yetişmiş, 1973-cü ildən çalışdığı, 1993-2003-cü illərdə Tarix-filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etdiyi Naxçıvan Dövlət Universitetində gənc nəslin təlim-tərbiyəsində canla-başla, yorulmadan uzun illər çalışmış və bu gün də pedaqoji fəaliyyətini davam etdirməkdədir. Qeyd edək ki, o, müəllim kimi ilk addımlarını atdığı bu ali təhsil ocağında baş müəllim, dosent və professor vəzifələrinə qədər yüksəlmişdir.      

Bütün həyatını elmə həsr edən bu fədakar insan 1972-ci ildən həm də Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. Elmi yaradıcılığa da digər işləri kimi böyük həvəslə girişən Əbülfəz müəllim uzun illər çəkdiyi zəhmətin nəticəsi olaraq 1979-cu ildə “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi, 2003-cü ildə isə “Qədim türk onomastikasının leksik-semantik sistemi” mövzusunda dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda 1990-cı ildə dosent, 2006-cı ildə isə professor elmi dərəcəsi almışdır. 2007-ci ildən AMEA-nın müxbir üzvüdür.  

Dünyanın müxtəlif ölkələrinin ən mötəbər universitetlərində dilçiliyə aid aktual mövzularda mühazirələr oxuyan Əbülfəz müəllim kadr hazırlığı işində də çox fəal iştirak edir. Elmi-tədqiqat sahəsi çox geniş olan Əbülfəz Quliyevin dilçiliyə, qədim türk yazılı abidələrinə həsr olunmuş araşdırmaları gənclərin elmi fəaliyyətinə stimul verir, onlar üçün örnək təşkil edir. Əbülfəz Quliyevin rəhbərliyi ilə onlarla gənc fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə edərək bu gün öz vətənpərvər müəllimlərinin izi ilə addımlamaqda və qloballaşan dünyamızda ana dilimizin qorunması, inkişafı uğrunda vicdanla çalışmaqdadırlar.

Milli qaynaqlardan bəslənən, milli-mənəvi dəyərlər işığında öz fəaliyyətini quran və beləliklə də təkcə Azərbaycanda deyil, türk dünyasında da bir tədqiqatçı kimi yaxşı tanınan, böyük nüfuza malik olan Əbülfəz Quliyevin 350-dən çox elmi məqaləsi, 30-dan çox monoqrafiya və kitabı həm respublikamızda, həm də ölkəmizdən kənarda işıq üzü görmüş, xarici ölkələrdəki müxtəlif beynəlxalq konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.

Qədim türk yazılı abidələrinin ölkəmizdəki ən sanballı tədqiqatçılarından biri olan Əbülfəz müəllimin bu sahədəki araşdırmaları bütün türk dünyasında qəbul olunan, sayılıb-seçilən, həm də tədris olunan əsərlərdir. “Əski türk yazılı abidələrinin müntəxabatı”, “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları”, “Qədim türk onomastikasının leksik-semantik sistemi” (2 cild), “Qədim uyğur türklərinin onomastikası”, “Əski türk onomastik sözlüyü” əsərləri dil tariximizin öyrənilməsində qiymətli mənbələrdir və bu gün Azərbaycan dilinin tarixini öyrənən hər bir tədqiqatçının stolüstü kitabına çevrilmişdir.

2003-cü ildən rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda məhz Əbülfəz müəllimin verdiyi istiqamət əsasında aparılan ciddi dialektoloji tədqiqatlar bu gün öz bəhrəsini verməkdədir. Əbülfəz müəllim özü də bu sahədə sanballı monoqrafiyaların müəllifidir. “Nahçıvan ağzı”, “Nahçıvan ağızlarının söz varlığı”, “Azerbaycan düğün türküleri” kitab və monoqrafiyaları dilimizin, o cümlədən dialekt və şivələrimizin, mədəniyyətimizin ölkəmizdən kənarda təbliği üçün qiymətli mənbələrdir. 

Əbülfəz Quliyev bu cür məhsuldar elmi yaradıcılıqla yanaşı eyni zamanda, ictimai fəaliyyəti ilə də hər zaman diqqəti cəlb etmişdir. Son illər Azərbaycan dilçiliyində gedən proseslərə, dilimizə göstərilən dövlət qayğısına biganə qalmayan görkəmli alim bu sahədə də yorulmadan fəaliyyət göstərir. O, azərbaycançılıq məfkurəsi işığında dilimizin saflığı, qorunması uğrunda daim düşünür. Onun Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya komissiyasına, Dövlət Dil komissiyasına və Orfoqrafiya komissiyasına üzv seçilməsi və bu qurumlardakı səmərəli fəaliyyəti zamanı irəli sürdüyü təkilflər, təşəbbüskarlığı, dilimizə alim sevgisinin bariz nümunəsidir. Əbülfəz Quliyev uzun illərdir ki, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının da sədridir. Onun rəhbərliyi ilə bu şurada Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının aktual problemlərinə həsr olunmuş müxtəlif mövzulu dissertasiyalar müdafiə olunmuşdur.

Bir müəllim kimi öz tələbələrindən həmişə lazımi qiymətini alan Əbülfəz müəllimin çoxsahəli fəaliyyəti çalışdığı müəssisə və müxtəlif qurumlar tərəfindən də qiymətləndirilmişdir. Belə ki, o, AMEA Rəyasət Heyətinin Fəxri fərmanına, Azərbaycan Respublikasının Əməkdar müəllimi adına, İran İslam Respublikasının Beynəlxalq Şəhriyar Mədəniyyət mükafatına layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinə, Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən İLESAM təşkilatına, Ankaradakı Türk dünyası Yazarlar Birliyinə üzvlüyə qəbul olunmuşdur. Onun adı Türkiyədə çap olunan “Türkiyədən kənardakı türkoloqlar” kitabına daxil edilmişdir.

Məhəmməd Peyğəmbər müsəlmanlara təkidlə “Beşikdən məzara qədər elm öyrənin!” - deyirdi. Bu baxımdan Əbülfəz müəllim öz elmi araşdırmalarını bu gün də məhsuldar şəkildə davam etdirir. Öz həyatını Azərbaycanda dilçilik elminin inkişafına həsr etmiş bu görkəmli alimi, bizim hamımızın əziz müəllimini, ustadını 70 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona ömrün bu kamillik zirvəsində uzun, sağlam həyat arzu edirik.

Nuray Əliyeva,

filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi