06 mart 2020 20:47
3422

Gözümüz niyə səyirir?

Gözümüz səyirəndə  “sağ gözüm sağlamlığa, sol gözüm varlığa” deyirlər. Amma bunun bioloji açıqlamasını bilməkdə fayda var.  

Bizə sıradan gələn reaksiyalar bəzi narahatlıqların ön əlamətləri ola bilər.

Göz səyirməsi  göz qapağı əzələlərinin təkrarlanan, istəkdən asılı olmayaraq  sıxılmasıdır. Göz səyirmələri, ümumiyyətlə üst qapaqda olur,  nadir halda alt qapaqda da görülə bilər. Az  hallarda göz qapağı səyirmələri ciddi beyin və sinir xəstəliyinin əlaməti ola bilir. Ancaq bu vəziyyətlə bərabər başqa nevroloji əlamətlər müşahidə edilməlidir.

Əgər göz səyirməsi  bir neçə həftədən çox davam edərsə, gözlərdə qızarma, şişmə və ya axıntı varsa, göz qapağında ciddi sallanmağa səbəb oldusa və üzün digər qisminə də təsir etməyə başladısa mütləq həkimə müraciət etmək lazımdır. Səyirmə insanı psixoloji olaraq narahat edə bilər və çox vaxt heç bir müalicəyə ehtiyac olmadan öz-özünə keçər. Ümumiyyətlə, yorğunluq, yuxusuzluq, fiziki yorğunluq, stress, həddindən artıq spirtli içki, tütün və ya kofedən istifadə və bəzi dərmanların əks təsiri ilə əlaqədar olaraq göz səyirməsi başlayar. İlk olaraq mütləq istirahət edilməli, yatmaq, spirt, tütün, kofeini azaltmaq, gözə ilıq kompress qoymaq, xüsusi göz damcıları ilə gözün quruluğunu önləmək  lazımdır.

Blefarospazm isə çox qüvvətlidir və gözün tamamilə bağlanmasına səbəb olan sıxılmadır. Səyirmə bir və ya iki gözü birdən bağlayaraq görməni azalda bilər və qəti şəkildə  müalicə tələb edir. Bu, təbii ki, uzunmüddətli səyirmələrə aiddir.

Röya Rasimqızı, “İki sahil”