01 iyun 2018 15:25
1185

SOCAR “Pertamina” ilə əməkdaşlıq məsələlərini müzakirə edib

SOCAR İndoneziyanın “Pertamina” şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

SOCAR-dan bildirilib ki, müzakirələr şirkətin prezidenti Rövnəq Abdullayevin “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Hazırda “Pertamina” şirkəti “SOCAR Trading” ilə neftin alqı-satqısı sahəsində əməkdaşlıq edir və bu əməkdaşlığı daha da genişləndirməyə maraqlıdır. Bununla yanaşı, “Pertamina” şirkəti həm hasilat, həm də emal sahələrində birgə əməliyyatlara maraq göstərir. Azərbaycan və İndoneziyada neftin satışı, hasilat və emal sahələrində gerçəkləşdirilən layihələr çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması üçün işçi qrupu tərəfindən müvafiq araşdırma və təhlillər aparılacaq.

İndoneziya bazarı “SOCAR Trading”in əməliyyatları arasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda İndoneziyanın idxal etdiyi neftin 8 faizi SOCAR-ın payına düşür. 10 il əvvəl “SOCAR Trading”in “Azeri Light” brendi ilə daxil olduğu İndoneziya bazarının perspektivliyi və bazarda Azərbaycan neftinə olan tələbat artan xətt üzrə inkişaf etməkdədir.