Vatikanın özünəməxsus və dünyada ən qısa sayılan dəmiryol xətti var, lakin bir dənə də olsa, doğum evi yoxdur, ona görə ki, ölkədə doğuş sayı sıfırdır. İtaliyanın Vatikandakı səfirliyi elə İtaliyanın özündə yerləşir.
Ölkədə əhalinin sıxlığı Moskvadan iki dəfə azdır , amma hərbiləşdirmə səviyyəsi Şimali Koreyadan üç qat yüksəkdir. Ölkənin ".va" adlı öz internet domeni var və yerli poçt kodu hər gün çox sayda məktub qəbul etdiyi üçün dünyada ən populyardır. Aşağıda bu cırtdan dövlətlə bağlı daha maraqlı faktlarla tanış ola bilərsiniz:
Dünyanın ən varlı ölkələrindən biri
İtaliya ilə 32 kilometr sərhədə malik olan Vatikan sahəsi 440 min kvadratkilometr olmasına baxmayaraq, müstəqil şəhər-dövlətdir. Vatikan tam hüquqlu bir ölkə kimi öz avrosunu çıxarır, öz möhürlərini çap edir, pasport və lisenziya verir, mediaya nəzarət edir və öz bayrağı, himni vardır. Vatikan nəinki muzeylərə giriş biletlərindən, möhür və suvenirlərin satışından böyük gəlir əldə edir. Ölkə, İtaliya, İspaniya, Almaniya və digər ölkələrdə elektrik istehsalı, rezin, kimya və digər sənaye sahələrində bir sıra layihələrdə paylara malikdir. Yerli dükanlarda hər şey ucuzdur, çünki ölkədə mahiyyətcə vergi yoxdur.
Roma genişləndikcə şəhərdəki çirklənmə, papanın Castel Gandolfo şəhərindəki yay iqamətgahından 25 kilometr aralıda yerləşən Vatikan Rəsədxanasında astronomları çətin vəziyyətə saldı. Buna görə 1981-ci ildə rəsədxana Amerikanın Tuson şəhərində ikinci bir tədqiqat mərkəzi açmalı oldu. Hazırda Vatikan Arizonanın cənub-şərqindəki Qraham dağının üstündəki müasir bir teleskopla astronomik tədqiqatlar aparır.
Vatikan sakinləri arasında cəmi bir qadın var
2011-ci ildə Vatikanda əhalinin siyahıya alınması aparıldı. Bu cırtdan dövlətin rəsmi sakinlərinin sayı 594 nəfər idi. Onlardan 71-i kardinal, 109-u qvardiya üzvü, 51-i ruhani, qalanları rahiblər idi və Vatikan divarları içərisində cəmi bir rahibə var idi.
Vatikan ordusunda ancaq subay isveçrəlilər xidmət edirlər
Zirehli və alovlu intibah forması ilə tanınan keşikçilər 1506-cı ildən bəri Papanı müdafiə edirlər. Məhz o zaman Papa II Yulius şəxsi qorunması üçün İsveçrə bölmələrindən birini işə götürmüşdü. Hazırda keşikçilərin yeganə vəzifəsi Papanı qorumaqdır. Dünyadakı ən kiçik ordu olan Vatikan ordusu kənardan komik görünsə də, əsgərləri yaxşı öyrədilib.
Vatikan dövlətini Benito Mussolini yaratdı
İtaliya hökuməti ilə Katolik Kilsəsi arasındakı mübahisə 11 fevral 1929-cu ildə Vatikanın suveren dövlət kimi mövcud olmasına imkan verən müqavilənin imzalanması ilə başa çatdı. Yeni yaranmış dövlətə 92 milyon dollar ödənildi. Vatikan bu pulu sıfırdan iqtisadiyyat qurmaq üçün ilkin vəsait kimi istifadə etdi.
14-cü əsrədək Papa Vatikanda yaşamırdı
Müqəddəs Pyotr bazilik məbədinin tikilməsindən sonra da papalar əsasən, Romadakı Lateran sarayında yaşayırdılar. Hətta 1309-cu ildə, fransız kardinal Papa olduqdan sonra papa məhkəməsi Fransanın Avinon şəhərinə köçdü. Yeddi papa, üstəlik bütün fransızlar Avinondan idarə edilirdi. 1377-ci ildə Lateran sarayı yandırıldıqdan sonra Vatikan papanın iqamətgahı kimi istifadə olunmağa başladı. Ancaq şəhər boşaldıqdan sonra əsaslı təmirə ehtiyac yaranmışdı: Vatikan pis bir vəziyyətə düşmüşdü, canavarlar qəbiristanlıqda cəsədləri eşir, inəklər kilsələri gəzirdilər.
Nubar Süleymanova, “İki sahil”