Dubay fəal şəkildə inkişaf etməyə davam edir. İndi turistlər təkcə nəhəng göydələnlərə və ya süni yaradılan qumlu çimərliklərə təəccüblənməyəcəklər. Yerli hökumət "öz Avropasını" qurmağı planlaşdırır. Bu “Avropa” 6 kiçik adada yerləşəcək. Koronavirus infeksiyasının yayılmasına baxmayaraq, onlardan birinin açılması 2020-ci ilin sonuna planlaşdırılıb. Layihənin ümumi dəyəri 5 milyard dollardan artıqdır. Aşağıda bu miniatür “Avropanın” görünüşü ilə təxmini olaraq, tanış ola bilərsiniz:
Üzən villalar
Ayrıca bir ada villalardan ibarət olacaq. Diqqət çəkən əsas məqam bu villaların su altında yerləşən otaqlarıdır. Eyni zamanda, divarlar və döşəmələr qismən şəffaf şüşədən hazırlanmışdır ki, qonaqlar sualtı dünyanın sakinlərini küvetlərinin və ya cakuzilərin pəncərələrindən müşahidə edə bilsinlər. Ada mərcan rifi ilə əhatə olunub, buna görə görünüş mütləq unudulmaz olacaq.
“Almaniya” adası
Bu ada bir at nalı formasında qurulmuşdur. Ailə turizminə yönəlib. Qonaqlar tropik bağdan keçə və ya qumlu sahildə istirahət edə bilərlər. Adada ənənəvi alman karnavalları, Milad bazarları və məşhur “Oktoberfest” festivalı keçiriləcək.
“İsveç” adası
Bu adanın yaradıcıları Skandinaviya vikinqlərinin gəmilərindən ilham alıblar. Onun ərazisində bir neçə dəbdəbəli saray tikiləcək. Onların ümumi dəyəri 27 milyon dollardır. Saray restoranları məşhur turş siyənək də daxil olmaqla İsveç mətbəxinin yeməklərini təqdim edəcəklər.
“Gənc” ada
Bu süni ada ürək formasındadır. Dizaynerlər Maldiv adalarından ilhamlanıblar. Hər tərəfdən onu üzən villalar əhatə edib. Onların hərəsi təxminən 5 milyon dollara satılacaq.
“Üzən Venesiya”
Süni, miniatür Venesiya ayrıca bir adada yerləşəcək. Bu, dünyada ilk sualtı kurort məkanı olacaq. Suyun altında çoxlu mehmanxana və restoranlar tikiləcək. Onların hamısı şüşədən hazırlanacaq ki, qonaqlar mərcan riflərini görə bilsinlər. Kiçik Venesiyada karnaval və opera tamaşaları da təşkil ediləcək.
“İsveçrə” adası
İsveçrə adasında ucsuz-bucaqsız dənizə panoraması olan xüsusi villalar tikiləcək. Onların hər birinin hovuzu və çimərliyə ayrıca girişi olacaq. Bütün villalar ağac, daş və şüşədən hazırlanacaq. Adanın mərkəzində böyük süni göl İsveçrə göllərini xatırladacaq.
“Avropanın ürəyi”
Bu ərazi bütün süni arxipelaqın ürəyi sayılacaq. Orada 4 butik-hotel- Monako, Niçça, Kan və San-Trope açılacaq. Eyniadlı adada Monakoda yaxtaların saxlanıldığı yerin tamamilə oxşarı yaradılacaq.
“Portofino” hoteli
Ayrıca bir adada dəbdəbəli “Portofino” hotelinin oxşarı tikiləcək. Hotelin ərazisində atmosfer İtaliyanın Portofino hotelinə bənzədiləcək.
Ada terrakota üslublu binalar ilə bəzədiləcəkdir. Hotel otaqları da italyan üslubunda qurulacaq. Əsas binanın fasadında 31 min bitki növü olan böyük bir bağ yaradılacaq. Kurortda ilin istənilən vaxtı hər kəsin qar adamı düzəldə biləcəyi qar oyunu sahəsi qurulması planlaşdırılır.
Nubar Süleymanova, “İki sahil”