20 avqust 2020 19:38
4435

Toyuq qanadlarında koronavirus testi pozitiv çıxıb

Braziliyadan idxal edilən toyuq qanadlarında koronavirus testi pozitiv çıxıb

Çinli istehlakçılar idxal olunan dondurulmuş toyuq məhsulunda koronavirus testinin müsbət çıxması xəbərinə kəskin reaksiya veriblər. Belə ki, ötən həftə Çinin iki şəhərində, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) virusun qida zəncirinə girmə riskini inkar etməsinə baxmayaraq, Braziliyadan gətirilən dondurulmuş toyuq qanadlarında və Ekvadordan idxal edilən dəniz xərçəngində koronavirus izlərinin aşkarlandığını açıqlayıb.

Sakinlər artıq maksimum dərəcədə yerli məhsullara üstünlük verəcəklərini bildiriblər. “İdxal olunan məhsullar almayacağam, çünki hazırda xaricdə epidemioloji vəziyyət Çindən daha pisdir”,-deyə Şanxay sakini Uanq Çao bildirib.

Xatırladaq ki, koronavirus Çində ötən ilin sonlarında ortaya çıxdı, lakin ölkədə vəziyyət nəzarət altına alındı və xaricdən virusun daxil olması hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər hazırda da görülür.

İdxal olunan dondurulmuş qidadan yaranan risklərdən qorxu ilk dəfə iyunda Pekinin Xinfadi topdansatış bazarında bir doğrama lövhəsində aşkar edildikdən sonra yarandı. Satıcı lövhədən, idxal edilən qızılbalıqla işləmək üçün istifadə etmişdi.

Şanxayda restoran sahibləri bu hadisədən sonra idxal olunan məhsullara qarşı alıcılarda inamın sarsıldığını bildiriblər. Onlar qeyd ediblər ki, ilk növbədə ixrac edən ölkələr ehtiyatlı olmalı, məhsulun tam təhlükəsiz və problemsiz olmasına xüsusi diqqət yetirməlidirlər.

Nubar Süleymanova, “İki sahil”