Dağ başında, ucqar kəndlərdə, dünyanın ən kənar yerlərində yaşayan insanlar belə hazırda iqlim dəyişikliyi barədə eşidiblər.
Qlobal istiləşmə ilə tez-tez qarışıq salınsa da, iqlim dəyişikliyi uzun bir zaman ərzində orta hava göstəricilərinin dəyişməsi deməkdir.
Bu dəyişiklik Yerin üst qatını, okeanları və buz təbəqələrini də dəyişikliyə məruz qoyur.
Dünyanın çox sakinləri ciddi yanaşmasalar da, əslində iqlim dəyişikliyi çox böyük bir problemdir. Onun barəsində hər kəs məlumatlı olmalıdır və qarşısını almaq üçün əlindən gələni etməyə çalışmalıdır.
Aşağıda iqlim dəyişikliyi ilə bağlı geniş yayılan miflər və eyni zamanda ən vacib faktlarla tanış ola bilərsiniz:
İqlim dəyişikliyi real deyil
Belə olmasını arzulasaq da, iqlim dəyişikliyi realdır və qarşısı alınmayanadək öz işindədir.
1950-ci ildən bəri aparılan müşahidələr iqlim dəyişikliyi və qlobal istiləşmənin dayanmadan davam etdiyini göstərir. 2006-2016-cı illər ən isti onillik kimi tarixə düşüb.
Yer kürəsi hazırda tarix boyu ən böyük iqlim dəyişikliyi ilə üz-üzədir və qlobal istiləşmə dərəcəsi indiyədək qeydə alınan göstəricilərdən 10 dəfə artıqdır.
İqlim həmişə dəyişib, bu yeni bir şey deyil
Yer kürəsinin iqlimi son 4,5 milyard ildə çox dəyişib və bu dəyişiklik heç də yeni deyil. Bu fikir qismən doğrudur, lakin nəzərə almaq lazımdır ki, uzun illər ərzində Yer kürəsinin iqlimində baş verən proseslər hazırda daha sürətlə və daha qısa zaman ərzində baş verməkdədir. İqlim dəyişikliyi yeni bir şey olmasa da, insan əli ilə iqlimin dəyişdirilməsi yenidir. Sənaye inqilabı nəticəsində hazırda əvvəllər heç vaxt görünməyən həddə karbon dioksid atmosferə atılır.
Əvvəllər də bu baş verdiyi üçün biz iqlim dəyişikliyinə tez bir zamanda uyğunlaşa bilərik
Doğrudur, Yer kürəsinin sakinləri olan canlılar fövqəladə dəyişikliklərə adaptasiya ola bilirlər, lakin təəssüf ki, bu heç də qısa bir prosedur deyil, onilliklər yox milleniumlar ərzində baş verir.
İqlim dəyişikliyi sadəcə konspirologiyadır və iqlim üzrə alimlər ancaq pul qazanmaq üçün bu işlə məşğuldurlar
Bu sahə üzrə dünya üzrə on minlərlə alim məşğuldur və maaş alır. Hər hansı bir konspirologiya üçün yəqin ki, heç bir dövlət və ya qurum bu qədər pul ödəməz.
Yenilənən enerji hava şəraitindən asılıdır və yeraltı ehtiyatlarla müqayisədə daha etibarsızdır
Günəş və külək enerjisi kimi bərpa oluna bilən enerji mənbələri iqlim dəyişikliyi əleyhdarları tərəfindən tənqid olunur və yeraltı sərvətləri heç vaxt tamamilə əvəz edə bilməyəcəyi deyilir.
Düzdür, küləksiz bir gündə külək enerjisi stansiyaları heç bir enerji istehsal etməyəcək, ancaq ümumikdə bu stansiyaların iş prinsipi başqadır, onlar müxtəlif texnologiyalarla külək və ya günəş olan günlərdə topladıqları enerjini saxlaya bilirlər. Bu texnologiya mükəmməl olmasa da, planetimizi məhv etməkdən daha yaxşıdır.
Külək enerjisi dirəklərini quraşdırmaq üçün onun verəcəyi enerjidən daha çox enerji sərf etmək lazımdır
İqlim dəyişikliyi tənqidçiləri hesab edirlər ki, bərpa olunan enerji stansiyalarının tikintisi zamanı o qədər böyük enerji sərf edilir ki, həmin stansiyalar uzun illər çalışsalar da, həmin həcmdə enerji toplaya bilmirlər. Lakin bu belə deyil. Bir külək enerjisi dirəyi təxminən 3-6 aya onun quraşdırılmasına sərf edilmiş enerjini geri qaytara bilir. Ümumilikdə isə istifadə müddəti ərzində bir külək enerjisi dirəyi öz tikintisinə sərf edilmiş enerjidən 20-25 dəfə artıq enerji toplayır.
Havalar soyuq keçir, iqlim dəyişikliyi yalandır
İqlim dəyişikliyini inkar edənlərdən biri-ABŞ-ın 45-ci prezidenti Donald Tramp “Twitter”də bir yazısı ilə diqqət çəkmişdi: Bütün rekordları qıran dəhşətli və uzunmüddətli soyuqlar gəlir. -Bəs qlobal istiləşmə hara getdi?”
Elmi cəhətdən qeyri-dəqiq olan bu iddianı bütün iqlim dəyişikliyi əleyhdarları qaldırır. Əslində isə iqlim dəyişikliyi müxtəlif yollarla təsir edə bilər. Ümumi olaraq, iqlim dəyişikliyi hava şəraitində sərtləşmələrə səbəb olur, onu normaldan daha da soyuqlaşdırır, yaxud istiləşdirir.
Uzun əsrlər iqlim dəyişikliyi problem olmayacaq
1970-ci illərdə iqlim dəyişikliyi anlayışı ilk yaranan vaxt nəzəriyyələr onu göstərirdi ki, iqlim dəyişikliyinin təsirləri əsrlər boyu hələ hiss edilməyəcək. Lakin cəmi 50 il keçməsinə baxmayaraq, günümüzdə onun real təsirləri görülməkdədir. 1880-ci ildən bəri temperatur göstəriciləri qeydə alınır və görünən budur ki, 2005-2018-ci illər ərzində 9 ən isti il müşahidə edilmişdir.
Antarktidada buzlaqlar ərimir, daha da çoxalır
Antarktidada buzlaqların əridiyini və bəşəriyyət tarixində indiyədək görünməmiş daşqınların olacağını çoxlarımız eşitmişik. Bu doğru olsa da, bəzi insanlar buzlaqların daha da genişləndiyini iddia edirlər. Genişlənən buzlaqlar əslində dəniz buzlaqlarıdır. Bu da birbaşa iqlim dəyişikliyi ilə bağlı baş verir. Belə ki, qurudakı buzlaqlar əridikcə dəniz suyu artır, okeanlar böyüyürlər və bu heç də kiçik bir problem deyil.
Problem Çindədir, Çin dünyada ən çox istixana qazı hasil edilən ölkədir
Məlumdur ki, dünyada ən çox istixana qazı hasil edilən yer Çindir. Bu səbəbdən çoxları qlobal istiləşməyə görə təkcə Çini günahlandırırlar. Bu qismən doğru olsa da, onu da qeyd etmək lazımdır ki, Çin bərpa olunan enerji mənbələrinin hasilatında dünya liderlərindən biridir və bərpa olunan enerji üçün texnologiyalara da ən çox vəsait yatıran ölkələrdən dir. Bundan əlavə, Çin təkcə özü üçün istehsal etmir, bütün dünyanı təmin edir, oradakı fabriklərin çoxu xarici şirkətlərə məxsusdur və hazırladıqları məhsulların 20 %-i dünyanın müxtəlif yerlərinə ixrac edilir.
İqlim dəyişikliyi mənə təsir etməyəcək, nə üçün narahat olmalıyam?
ABŞ sakinləri arasında yayılan səhv fikirlərdən biri də budur ki, iqlim dəyişikliyi onlardan yan keçəcək. ABŞ sakinlərinin 30 %-i bildirir ki, iqlim dəyişikliyi dünyanın digər yerlərinə zərər versə də, ABŞ-a zərər verməyəcək. Təəssüf ki, belə deyil. Qlobal istiləşmə baş verdikcə qasırğalar, siklonlar, daşqınlar və digər təbii fəlakətlər daha da artır. Məsələn, proqnozlaşdırılır ki, belə davam edərsə, 2050-ci ilədək Kaliforniya illik avokado məhsulunun 40 %-ni itirəcək.
İqlim dəyişikliyinin qarşısı alına bilməz
İqlim dəyişikliyi ilə bağlı ən qorxulu mif “onsuz da bu barədə heç bir şey edə bilmərik” fikridir.
Hazırda bu mövzuda təhsil alan və ya onun reallığına inanan lakin heç bir şey etməyən çox sayda insan var.
Dünya iqlim dəyişikliyi ilə bağlı məlumatlılıq artdıqca, daha geniş miqyasda tədbir görməyə başlamağımız da inanılmaz dərəcədə vacibdir.
İqlim dəyişikliyi dayandırıla bilər. Nə qədər təxirə salsaq, məsələ daha da pisləşəcəkdir.
İqlim dəyişikliyi bəşər övladının qarşılaşdığı ən böyük problemlərdən biridir və bu şəkildə yaşamağa davam etsək, sonumuzu gətirə bilər. Dünya hökumətləri və xalqlarının çevik və müsbət hərəkətləri ilə ümid edirik ki, bunu gecikdirmədən dayandırmaq mümkün olacaqdır.
Nubar Süleymanova,
“İki sahil”