04 sentyabr 2020 18:33
2177

Bunlar mif deyil, həqiqətdir...

Bəzən pasientlər hətta ən təcrübəli həkimləri belə təəccübləndirirlər. Elektrik lampasını udan kim, gözünə yapışqan düşən kim, pulu qarnında gizlətmək istəyən kim... Çalışaq sağlamlığımıza qarşı məsuliyyətli yanaşaq ki, özümüzü və yaxınlarımızı qoruya bilək.

Reallığa çevrilən yuxu

Amerikalı Cenna Evans 2019-cu ildə  “Facebook”da başına gələn bir hadisəni yazmışdı. Ona yuxusunda nişanlısı nişan üzüyünü pis insanlardan qorumaq üçün udaraq gizlətməsini təklif edir. Cenna elə də edir, oyananda isə məlum olur ki, üzük barmağında yoxdur, yuxudakı əmri Cenna həqiqətən yerinə yetirib və üzüyü udub.

Amerikalı xanım baş verənlərə gülərək xilasetmə xidmətinə müraciət edir.  Rentgen şüaları üzüyün həqiqətən mədədə olduğunu göstərir. Qastroenteroloq öz-özünə çıxmasını gözləməməyi məsləhət görərək, onu çıxarmağa qərar verir və nişan üzüyü tibbi yolla qızın mədəsindən çıxarılır.

Mədədə xəzinə

69 boyunbağı, 80 sırğa, 8 medal, 46 qızıl külçə, qol saatı, qolbaq -bütün bunları 2019-cu ilin iyulunda həkimlər Hindistanın Qərbi Benqaliya ştatının sakini Runi Xatunun mədəsindən çıxarmışdılar. “Xəzinə”nin ümumi çəkisi 1,6 kq idi, qiyməti isə təxminən 5 milyon hind rupisi təşkil edirdi.

Qohumlarının sözlərinə görə, evdən tez-tez bəzək əşyaları itirmiş. Bir müddət sonra qız yemək yeməməyə başlayır, qarında ağrılardan və ürəkbulanmadan şikayət edir. Runi Xatunu xəstəxanaya gətirdikdə o qədər zəif idi ki, ona 5 litr qan vurulmuşdu.

Rentgen onun mədəsində yad cisimlərin olduğunu göstərdi və onu əməliyyat etdilər. Bu hadisədən sonra Runi hər dəfə acdıqda bəzək əşyası udduğunu etiraf etdi və onu psixiatra yönəltdilər.  

Ekstremal bəhs

Həkimlər tez-tez lampa udmaqla bağlı bəhs edən, sonra isə onu heç cürə çıxara bilməyən axmaqlarla qarşılaşdıqlarını deyirlər. 2016-cı ildə moskvalı Andrey adlı şəxs bəhs etmiş və 60 vattlıq lampanı boğazına salmışdı.

Lampanı çıxarmaq üçün həkimlər onu qırmadılar, çünki ağız boşluğuna zərər vermək riski çox böyük idi. Əvəzində kişiyə əzələləri rahatlaşdıran bir dərman vuruldu və yad cisim çıxarıldı.

Tibbi cəhdlə də olsa, bəhsi qazanan moskvalı oğlan 11 min rubl qabaq düşdü. Çünki bəhsə girərkən lampanı hansı yolla boğazdan çıxaracağının fərqi yox idi.

Ürəkdə diş çöpü

Yeni il gecəsinin səhəri çox adam baş ağrısı, qarın ağrısı ilə oyanır, lakin adətən bir-iki günə ağrı keçir. Argentinalı Orasio Rodriqes Videl də isə ağrılar kəsilmir, o, soyuqdəymə simptomları ilə həkimə müraciət etməli olur. Dərmanlar da ona təsir etmir, sinəsində ağrılar səngimək bilmir. Ultrasəs müayinələrin ardından onun ürək nahiyəsində yad cisim olduğu üzə çıxdı. Həkimlər bunun bir kateter olduğunu, Orasioya yeniyetmə yaşlarında qan köçürüldüyü zaman kateterin bir hissəsinin  parçalanıb içəridə qaldığını iddia etdilər. Lakin əməliyyat zamanı onun  ürəyində diş çöpü olduğu ortaya çıxdı. Özünə gəldikdə və ona "tapıntı" barədə məlumat verildikdə, bayram ziyafəti zamanı onu qəlyanaltı ilə udduğunu xatırladı.

Ehtiyat igidin yaraşığıdır

Hər hansı dərmanı istifadə etməzdən əvvəl qutunun üzərini, içlik kağızını ciddi şəkildə oxuyun. Amerikalı Ketrin Haydos adlı xanım buna öz təcrübəsində əmin oldu.

Hadisə 2015-ci ildə baş verib. Küçədə gedərkən onun gözü torlandı, xadimədən çantasından göz damcısını tapıb ona verməyini xahiş etdi. O isə dərmanın yerinə super yapışqanı səhvən qıza verir. Təcili yardım briqadası gələndə artıq xanımın göz qapaqları bir-birinə yapışmışdı. Haydos sığortası və maddi imkanı olmadığından 9 gün gözübağlı qalmalı olur. Hadisə televiziyada işıqlandırıldıqdan sonra bir həkim Haydosun gözünü açır və yapışqanın qalıqlarını təmizləyir.

Ən gizli yer

Bəzi insanlar pulu pul kisəsində, bəziləri corabında, başqaları isə bankda saxlayır. 2017-ci ildə Kolumbiyalı Sandra Milena Almeydin öz mədəsindən kassa kimi istifadə etdiyi təsadüf nəticəsində üzə çıxdı. Həyat yoldaşı ilə səyahət üçün pul yığan xanım yoldaşının ona xəyanət etdiyini eşitdikdə pulları da götürüb Panamaya qaçır. Lakin planı baş tutmur, onu tapan həyat yoldaşı pulun yarısını götürür. Aralarında baş verən qalmaqal zamanı Sandra Milena Almeyda ümumilikdə 9 min dollar pulu udur. Pulu onun qarnından həkimlər çıxarmalı olurlar. Bu zaman cəmi 57 ədəd yüz dollarlıq pul əskinazını normal halda xaric etmək mümkün olur. Məlum olur ki, qalan pul mədə turşuluğundan yararsız hala düşüb. İşlək halda olan pulları isə həkimlər məhkəmə yolu ilə kimə verilməli olduğunu müəyyən etmək üçün polislərə təhvil verirlər.

Mədədə qulaqlıq

2019-cu ilin may ayında tayvanlı Ben Hsu qulağında bir cüt simsiz qulaqlıqla yatır, lakin ayılanda onlardan birini tapa bilmirdi. İzləmə funksiyasından istifadə edərək cihazın hələ də otaqda olduğunu başa düşdü, ancaq səs siqnalının haradan gəldiyini anlamaq bir az vaxt aldı. Səs onun mədəsindən gəlirdi. Xəstəxanada ona işlətmə üçün dərmanlar verdilər və qulaqlığın təbii yolla çıxmasını gözləməyi tapşırdılar. Maraqlısı isə ondadır ki, yuyulub qurudulduqdan sonra qulaqlıq işlədi və enerji saxlama qabiliyyətini də itirmədi.

Təcili yardım həkimi sonradan bildirmişdi ki, qulaqlığın üst plastik qabığı olmasa idi, adi batareya kimi bağırsağı partlada bilərdi.

Nubar Süleymanova, “İki sahil”