08 sentyabr 2020 18:18
1446

Avropa ölkələri qeyri-adi qadağaları ilə təəccübləndirir- FOTO

Qanunlar məcəlləsinin tərtib edilməsi hər bir dövlətin fəaliyyətinin vacib bir hissəsidir. Bu təcrübə min ildən artıq bir müddətdə həyata keçirildiyi üçün hər ölkənin yüzlərlə çox fərqli qanunla idarə olunmasında təəccüblü bir şey yoxdur. Lakin bəzi ölkələrdə bəzən yumşaq desək, qəribə, bəzən isə tamamilə gülünc qanunlarla qarşılaşmaq olur.  Misal üçün, qədim ölkə olan İngiltərədə çoxlu belə qanunları var ki, bu da ölkənin qədim  yerli hüquqşünaslıq ənənələrindən irəli gəlir: İngiltərədə parlament qərarları ləğv edilmir və yarım min il əvvəl qəbul olunsa da, qüvvədə qalmağa davam edir. Məsələn, parlamentin özü haqqında maraqlı bir qanunu var: demək olar ki, beş əsrdir ki, parlamentin binası olan Vestminster Sarayında ölmək qadağandır.

İngiltərədə obyektlərlə bağlı daha bir qanun var. Kim düşünə bilər ki, orada pivəxanalarda sərxoş olmaq qadağandır. Bundan başqa, Albion adlı ərazidə taksi sifarişi ilə bağlı qadağalar mövcuddur. Orada vəba xəstələrinə taksi çağırmaq qadağandır.

Baxmayaraq ki, İngiltərədə monarxiya quruluşu nominal olaraq mövcuddur, kraliça ailəsinə hörmət o qədər yüksəkdir ki, orada kraliça II Yelizavetanın şəkli olan poçt markalarını tərs üzünə qoymaq qanunla qadağan edilib. Britaniyada daha bir qəribə qadağa da var. Orada səhər saat səkkizdən axşam saat 10-a qədər küçədə xalça təmizləmək qanunla qadağandır.

Almaniya və Fransa

Bir-biri ilə sərhəddə yerləşən bu iki Avropa ölkəsinin də çoxlu qeyri-adi qanunları var. Məsələn, Almaniyada polis məmurlarına hörmətlə yanaşma qanuni olaraq təsbit edilmişdir: orada bir hüquq-mühafizə orqanı əməkdaşına hörmətsizlik etdiyiniz üçün cərimələnə bilərsiniz. Almanlar yol təhlükəsizliyinə də ciddi fikir verirlər. Avtobanda fövqəladə vəziyyət yaratmamaq üçün əyləc istifadə etmək hüququna malik deyilsiniz və bu qadağa təkərləri partlayanlara belə aid edilir.

 Fransada isə uçan naməlum obyeklərin ölkə ərazisində eniş etməsi qanunla qadağan edilib.

 Bundan əlavə, Fransada romantiklər xoş olmayan bir sürprizlə qarşılaşa bilərlər. Belə ki, iyirminci əsrin əvvəllərində qəbul olunan qanuna görə, orada dəmiryol vağzalının perronunda öpüşmək qadağandır. Maraqlısı isə budur ki, həmin qanun hələ də qüvvədədir.

 Skandinaviya ölkələri

Skandinaviya ölkələri qədim tarixi əlaqələri ilə məşhurdurlar, buna görə də onların qanunlarının kökləri də çox qədim dövrlərə gedib çıxır. Bu baxımdan Norveç xüsusilə fərqlənir. Məsələn, qədim bir qanuna görə, Norveç vətəndaşı yumruq davasına çağırışı rədd edə bilməz. Belə bir qarşıdurmaya çağırılanın necə hərəkət etməsi üçün iki yolu var: ya razılaşıb yumruqları ilə vuruşmaq, ya da döyüşməmək və bunun əvəzində dörd maralın qiyməti həcmində cərimə ödəmək.
 İsveç digər Avropa dövlətlərindən bir qədər şimalda yerləşir və bu səbəbdən orada həqiqətən, parlaq və isti günlərin sayı azdır. Məhz bu səbəbdən isveçlilərin qış mövsümündə əsəbiləşməsini və günəşin olmamasından şikayətlənməsini qadağan edən bir qanun var.

İsveçdə başqa gülməli qadağalar da mövcuddur. Məsələn, xizəklə dağdan enərkən eyni anda şeir oxumaq. Digər maraqlı qanun hamamla bağlıdır. İsveçdə axşam saat 10-dan sonra yuyunmaq qadağandır.

Skandinaviya ölkələri içərisində Danimarka qəribə qayda-qanunlarına görə birinci  yerdədir. Məhz orada qadınlara başlarına parik qoymaq qanunla qadağan edilib. Digər bir qanuna əsasən isə orada türmədən qaçış cinayət hesab edilmir. Lakin İsveçdə kişilər qadınlarını təhqir etdikdə qanun işə qarışır. Məsələn, həyat yoldaşına “sən anandan daha betərsən” ifadəsini işlədərək onu təhqir edən kişi bir ilədək həbs cəzası ala bilər.

Aralıq dənizi ölkələri

 Cənubi Avropa ölkələrinin də bəzi qəribə qadağaları var. Məsələn, antik tarixi abidələri ilə məşhur olan Yunanıstanın arxeoloji obyektlərinə dikdaban ayaqqabı ilə daxil olmaq qanunla qadağan edilib. Yunanıstanın bəzi bölgələrində isə sürücülərə avtomobil idarə edərkən yemək yemək qadağan edilib.

İtaliya və Vatikan

Uzun illər böyük bir imperatorluğun məkanı olmuş İtaliyanın müxtəlif şəhərlərində də qəribə qadağalar az deyil. Misal üçün, Turin sakinləri gün ərzində ən az üç dəfə öz itlərini gəzdirməlidirlər. Florensiyada kilsə və məbədlərin qarşısında yemək yemək, Venesiyada isə qum üzərində qəsrlər çəkmək qanunla qadağandır.

Ən qəribə qanun isə Milandadır. Orada yerli sakinlər daim gülümsəməlidirlər. Üz əzələlərinin sallanmasına yalnız iki halda yol vermək olar: xəstəxanalarda və dəfn mərasimlərində.

Dünyanın ən kiçik dövləti Vatikan özü unikal olduğu kimi, çox unikal qanunları da vardır. Məsələn, nikaha daxil olan iki Vatikan vətəndaşı boşanma hüququndan məhrumdur.

İspaniya və Belçika

Belçikada qısa ətəkdə küçəyə çıxmaq istəyən yeniyetmə yaşlı qızlar mütləq atalarının  qanuni icazəsini almalıdırlar. Digər qəribə qadağa isə qartopu oyunu ilə bağlıdır, orada qartopu oynamaq qanunla qadağan edilib.

İspaniyanın bəzi əyalətlərinin də qəribə qanunları var. Məsələn, Barselonada küçədə tüpürmək qadağan edilib. Sevilyada alt paltarını küçədə asaraq qurutmaq qadağandır. Kapri adasında isə möhkəm səs çıxaran ayaqqabılar geyinmək qadağandır.

Nubar Süleymanova, “İki sahil”