11 sentyabr 2020 17:50
2773

“Ana kimi yar olmaz, Vətən kimi diyar”

Vətən – bizim  əzəli  və  əbədi ünvanımızdır. Öyüd – örnək timsallı ulularımızın  bizə yadigar qoyub getdiyi əvəzsiz söz incilərində deyilir:  “Ana kimi yar olmaz, Vətən kimi diyar.” Dünyada ən böyük qəhrəmanlıqlar  Vətən naminə edilib. Tarix boyu Vətən görkəmli şəxsiyyətlərin, qorxmaz sərkərdələrin, mərd oğulların  çiynində  qərar  tutub. Bütün sevgilərin fövqündə  Vətən sevgisi dayanır.  İnsanın doğulub boya-başa Vətəninə  sevgisindən, mənsub olduğu xalqa sədaqətindən,  vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanan ən ülvü hiss  vətənpərvərlik adlanır.  İnsanı  daxilindən formalaşdıran bu  anlayışına geniş mənada  da tərif  vermək olar. Vətənpərvərlik  insanı ucaldan,  onun özü üçün deyil, xalqı üçün yaşayıb- yaratmasıdır. Əslində vətənpərvərliklə bağlı hissləri ifadə etmək heç də asan deyil. Yəni, vətənpərvərlik  bizim duyub, dərk etdiyimiz anlayışdan da qat-qat yüksəkdədir.  Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur.

Bu gün ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də şagirdlərə elmi biliklər verilməsi ilə yanaşı, onlara ictimai səciyyə daşıyan vətənpərvərlik hislərinin tərbiyəsi və aşılanmasıdır. Pedoqogika milli mənəvi şüurun təbliğində, şagirdlərin vətəndaş kimi formalaşmasında, öz Vətənini, ləyaqətini qorumaqda güclü təsir gücünə malikdir.

Növbəti  təhsil  ilindən  məktəblərdə şagirdlərə dövlət rəmzlərinə hörmət hissi və dövlətçiliyə sədaqət aşılanması  “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə  də öz əksini tapıb. Maraqlıdır, məktəblərdə dövlət və dövlətçilik rəmzlərinə hörmət, sədaqət və ehtiram hissinin aşılanması daha vətənpərvər gəncliyin formalaşması baxımından nə dərəcədə faydalıdır?

Millət vəkili Məşhur Məmmədov bu yeniliyin mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirdir. “Bütün dünyada vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Ölkəmizdə də bu məsələyə daim diqqət yetirilir. Sadəcə olaraq, “Təhsil haqqında” qanuna təklif edilən məlum yenilik bu məsələnin daha sistemli hala gətirilməsi ilə bağlıdır. Dövlət himni, bayrağı və gerbi dünyanın hər yerində müqəddəs hesab edilir. Hər insan doğulduğu dövlətin vətəndaşı hesab edilir. Hansı ki, doğulduğu gündən etibarən hər insana doğma dildə ana laylası çalınır, doğma dilin sədaları altında böyüməyə başlayır. Əslində bu laylayın özü dilin təbliğidir. Başqa sözlə desək, vətənpərvərlik təbliğatı daimi bir prosesdir  və beşikdən qəbrə qədər davam etməlidir. Baxın, 18 yaşına çatan hər bir şəxs həqiqi hərbi xidmətə cəlb olunur, əsgər göndərilir. 18 yaşına qədər isə bu şəxslər məktəbdə təhsil alırlar. Deməli, vətəndaşlarımız məktəblərdə Vətənə sevgi, məhəbbət hissi ilə yetişdirilməlidir ki, 18 yaşına çatıb Vətənin müdafiəsinə gedəndə, vətənə layiqincə xidmət edə bilsin. Bu baxımdan məlum yeniliyi təqdir edir və bunu hər baxımdan faydalı hesab edirəm.”

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün  bu gün  olduqca vacibdir!

...Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib.  Gənc nəsil həm də xalqın əsrlər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir. Gənclərin bir vətəndaş kimi yetişməsində həm də KİV-lərinin mühitin rolu böyükdür. Ölkəmizdə  ən böyük təbliğat resursu televiziya kanallarıdır. İndiki  vəziyyətdə  telekanallarda şouların, tamaşaçı zövqünü korlayan  şit-bayağı  proqramlar əvəzinə daha çox vətənpərvərlik mövzulu verilişlər hazırlanmalıdır. Mübariz İbrahimov, Etibar İsmayılov  kimi  milli qəhrəmanlarımız, Polad Həşimov kimi generallarımız,  Anar Novruzov kimi  zabitlərimiz gənclərimizə örnək göstərməlidirlər. Müharibə şəraiti davam edən Azərbaycanda isə bu hislərin təbliğinə daha böyük ehtiyac var.

Nurəddin Muğanlı, “İki sahil”