18 sentyabr 2020 00:39
2976

Dünya xalqlarının nə qədər gülməli toy adətləri var imiş- FOTO

Alış-veriş, gələcək uşağın cinsiyyəti, toy tortunun alınması və s. Elə bilirsiniz belə toy adət-ənənələri təkcə bizim ölkədə mövcuddur? Xeyr, bütün ölkələrin kifayət qədər maraqlı toy adətləri var və onlardan bəziləri hətta çox mənasız və gülüncdür. Bəzi ölkələrdə gəlinlə bəy müəyyən ritualları yerinə yetirmək üçün hətta sağlamlıqlarını riskə atmalı olurlar. Aşağıda dünya xalqlarının qeyri-adi toy günü adətləri ilə tanış olub təəccüblənəcəksiniz:

 Şotlandiya

 Qədim şotland ənənələrindən birinə görə, gəlini toy günü tamamilə palçığa basırlar. Xarab məhsullar, zir-zibil, tullantılar axıdılan duşun altına saldıqdan sonra gəlini bir ağaca bağlayırlar. Hesab edirlər ki, bu çətinliklərə dözə bilən gəlin gələcəkdə yaxşı həyat yoldaşı olacaq və ailə həyatında da çətinliklərə qalib gəlməyi hər zaman bacaracaq.

Çin

 Qəribə toy adətlərinə görə xüsusi seçilən ölkələrdən biri də Çindir. Toy əlbəttə ki, çox sevindirici bir hadisədir. Lakin Çinin əyalətlərindən birində qızlar ailə həyatına hıçqırıqlarla hazırlaşırlar. Toy mərasiminə bir ay qalmış gün ərzində bir saat qız ağlamalıdır və zamanla ailənin digər qadın üzvləri-ana, nənə, bacılar da ona qoşulmalıdırlar.  Çinin digər bir əyalətində isə adətə görə, bəy gələcək həyat yoldaşını ucsuz oxlarla vurmalıdır. Sonda gələcəkdə xəyanətsiz və xoşbəxt bir ömür yaşamaq ümidi ilə gəlin həmin oxları sındırır.

 Hindistan

 Hindistanda əvvəllər tez-tez ağaclarla evlənmə halları olurdu. Belə ki, bu ölkədə adətə görə, kiçik qardaş böyük qardaşdan əvvəl ailə qura bilməz. Ona görə də, kiçik qardaş öz qismətinə düşən qızı tapıbsa, o zaman böyük qardaş bir ağacla evləndirilirdi. Sonradan o ağac kəsilirdi, oğlan guya dul qalırdı və kiçik qardaşa toy edilirdi.
 Hindistanın bəzi bölgələrində kürəkən qurbangaha getmədən əvvəl ayaqqabılarını çıxarmalıdır. Əyləncə məhz burada başlayır. Gəlinin qohumları ayaqqabını oğurlamalı, bəyin qohumları isə ayaqqabıları var gücü ilə qorumalıdırlar. Ayaqqabıları saxlamaq mümkün olmasa, bəy onlara cərimə ödəyir.

Keniya

Keniyanın Masay adlı ərazisində adətə görə, atalar üzünə tüpürərək qızlarının evliliyinə xeyir-dua verirlər. Sonra qız arxaya baxmadan evdən çıxmalıdır, əks halda əfsanəyə görə daşa dönəcəkdir.

 Keniyalı bəylər üçün də evlilik asan başlamır. Onlar toydan sonra düz bir ay qadın paltarı geyinməlidirlər. Bu adət kişilərə evlilikdə qadınların nə qədər böyük rolu olduğunu anlatmaq mənası daşıyır.

Almaniya

 Almaniyada sədaqət andı içdikdən sonra cütlüklər xüsusi oduncaqdan hazırlanmış bir masanın yanına gedirlər. Mişarı əllərinə alaraq birlikdə həmin masanı qonaqların gözü qarşısında doğrayırlar. Hesab olunur ki, bu ritualı yerinə yetirən cütlük gələcək ailə həyatında da çətinliklərə birgə sinə gərməyi bacaracaqdır.

Polşa

Polşada qonaqlar pul müqabilində gəlinlə rəqs edirlər. Pulları gəlinin rəfiqəsi toplayır və sonra həmin pulla yeni evlənən cütlük bal ayına gedir.

İspaniya

 İspaniyada bəy toy günü gəlinə 13 qızıl külçə verməlidir. Bu adət gələcəkdə də ərin öz qadını üçün hər barədə, xüsusilə də maddi cəhətdən məsuliyyət daşıyacağını göstərir. Nikahın ardınca isə gəlin həyat yoldaşına bir ömür dəstək olacağını bildirmək üçün külçələri bəyə qaytarır. 13 rəqəmi İsa peyğəmbər və onun 12 həvarisini simvolizə edir.

Danimarka

Dünyadakı bəzi toy ənənələri sadəcə təəccübləndirir. Məsələn, Danimarkada, şənlik  zamanı bəyin corabının sağ tərəfini kəsmək kimi bir toy ənənəsi var. İndi hansı qadın cırılmış corabla ona diqqət göstərəcək?!

Danimarkada digər bir maraqlı toy ənənəsi budur ki, gəlin hər dəfə toy məclisinin keçirildiyi zaldan çıxanda bütün qızlar bəyi öpə bilərlər. Eyni şey gəlinə də aiddir - bəy yoxkən, istənilən kişi ona yaxınlaşıb öpüş tələb edə bilər.

Bolqarıstan

Bolqarıstanda evlilik təklifi çox qeyri-adi edilir. Orada oğlan sevdiyi və evlənmək istədiyi qıza tərəf alma atır.

Nigeriya

Nigeriyada gəlin ailə həyatına toyundan düz bir il əvvəl hazırlaşmağa başlayır. O, on iki ay ayrıca evdə, heç bir fiziki aktivlik olmadan yaşamalıdır. Həmin müddətdə qohumları qıza kalorili yeməklər, meyvə-tərəvəz və s. gətirirlər ki, qız möhkəmlənsin və bir qədər kökəlsin. Nigeriyada inanca görə, arıq qızlar ailə qurarsa, xoşbəxt olmurlar.

Nubar Süleymanova, “İki sahil”