Fevralın 24-də Salyan və Tovuz rayonlarının daha 2 kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər.Salyan rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 200 abonenti olan İkinci Varlı kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 20220 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün Tovuz rayonunun Hacıhəsənli kəndinə də təbii qazın verilişi bərpa edilmişdir. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunmuşdur ki, 116 abonentlik kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 11547 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.