31 may 2018 17:32
1614

SOCAR son dörd ildə 4,5 milyard kubmetr səmt qazını ölkənin qaz təsərrüfatına verib

SOCAR 2014-cü ildən bu vaxtadək 4,5 milyard kubmetr səmt qazını platformalarda tutaraq ölkənin qaz təsərrüfatına verib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında deyib.

O bildirib ki, hər il təxminən 1 milyard kubmetr səmt qazı əhalinin istehlakına yönəldilir. "Neft Daşları” neft və qazçıxarma idarəsindən (NQÇİ) il ərzində 250-280 milyon kubmetr, “28 May” NQÇİ-dən illik 300-310 milyon kubmetr, “Çıraq” platformasından isə ildə 330-350 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə verilir. “Siyəzənneft” NQÇİ-nin ərazisində isə 63 quyudan il ərzində 7 milyon kubmetr səmt qazının yığılaraq əhaliyə ötürülməsi nəzərdə tutulur: "Ümumiyyətlə, dünya praktikasında qəbul olunmuş şamda yandırılma əmsalı 5 faiz olduğu halda bu göstərici SOCAR-da 2014-cü ildə 2 faiz, 2016-cı ildə 1,74 faiz və 2017-ci ilin avqust ayında isə 1 faiz olub".