SOCAR-ın Ekologiya İdarəsində 2015-ci ilin yekunlarına həsr edilmiş müşavirə olmuşdur.
Tədbirdə Dövlət Proqramları çərçivəsində SOCAR tərəfindən həyata keçirilən ekoloji tədbirlər, Şirkətin Ekoloji Siyasət sənədindən irəli gələn məsələlərin həlli, o cümlədən Tullantıların İdarə Olunması Planının, Atmosferə Atılan Səmt Qazlarının Azaldılması Planının, İqlim Dəyişmlərinə Təsirlərin Azaldılması Strategiyasının, Neft Dağılmalarının Xəbərdarlığı və Ləğvi Planının, həmçinin SOCAR-ın Şurası tərəfindən təsdiq edilmiş illik iş proqramının icrası ilə bağlı görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış mədən ərazilərində Ekologiya İdarəsi tərəfindən ətraflı ekoloji monitorinq tədqiqatları aparılmış, müvafiq bərpa üsullarının seçilməsi istiqamətində təkliflər verilmiş, monitorinqlər zamanı götürülmüş nümunələr İdarənin Kompleks Tədqiqatlar Laboratoriyasında analiz edilmişdir. 2015-ci il ərzində bərpa olunmuş və yaşıllaşdırılmış ərazilər xəritələşdirilərək Ekoloji Məlumat Bazasında yerləşdirilmişdir. İdarə tərəfindən SOCAR-ın fəaliyyət sahələrində, birgə müəssisə və əməliyyat şirkətlərində istilik effekti yaradan qaz mənbələri inventarlaşdırılmış, Təmiz İnkişaf Mexanizmi üzrə layihə ideyaları hazırlanmış və təkliflər qiymətləndirilmişdir. Atmosferə atılan səmt qazlarının minimuma endirilməsi məqsədilə SOCAR-ın mədən ərazilərində qurğu və avadanlıqların quraşdırılması üzrə təkliflər verilmiş, səyyar və stasionar mənbələrdən istilik effekti yaradan qazlar, zərərli maddələr və tərkibində belə birləşmələr olan avadanlıqlar üzrə inventarlaşdırma aparılmışdır. SOCAR-ın Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” Qlobal Təşəbbüsünə qoşulması ilə əlaqədar İdarə tərəfindən 2016-2020 illər üzrə səmt qazı atılmalarının azaldılması istiqamətinə müvafiq planın hazırlanması üçün təşkilati işlər həyata keçirilmişdir. Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi çərçivəsində qazma şlamlarının utilizasiyası üçün alınan qurğuların mobilizasiyası işləri həyata keçirilir. Hesabat ilində Ekoloji Ölçmə Mərkəzi tərəfindən mütəmadi olaraq SOCAR-ın avtonəqliyyat vasitələrinin ekoloji müaynəsi həyata keçirilmişdir.
İdarənin 2015-ci il üzrə fəaliyyəti qənatbəxş hesab olunmuş, işlərin daha keyfiyyətli və effektiv təşkil olunmasının vacibliyi vurğulanmış, qarşıda duran həllivacib məsələlərə toxunulmuşdur.