Onları ölüm belə ayıra bilmədi.
50 ildir ki, evli olan cütlük dörd saat fərqi ilə dünyasını dəyişdi. Hər zaman bir-birinə sevgi ilə baxan Əli Rıza Düzgün ve Müzəyyən Düzgün cütlüyü son mənzilə də birlikdə yola salınıb.
ATV.az-ın məlumatına görə, hər kəsi heyrətə salan olay Türkiyənin İzmir şəhərində baş verib. 90 yaşlı Əli Rıza və 89 yaşlı Müzəyyən Düzgün bir-birinə çox bağlı olub. Heyvan təsərrüfatı ilə məşğul olan cütlüyün arasında sevgi və hörmət heç vaxt əksik olmayıb. Can deyib can eşidən ər-arvadın yaşlandıqca səhhəti də ağırlaşmağa başlayıb.
Əli Rıza Düzgün xərçəngə düçar olub, xanımı isə ayağı sındığı üçün bir müddətdir ki, xəstəxanada müalicə alırmış. Xəstəliyi getdikcə ağırlaşan Əli Rıza Düzgün səhər saatlarında, ondan dörd saat sonra isə həyat yoldaşı Müzeyyen Düzgün dünyasını dəyişib. Dəfn mərasiminə qatılanlar yan-yana duran tabutlar qarşısında göz yaşlarına hakim ola bilməyib. Duyğulu anların yaşandığı mərasimdə mərhumların yaxınları “ölüm də onları ayıra bilmədi” deyib.