Elmi ədəbiyyatlarda dini və milli müxtəliliyin etirafı və ona hörmətlə yanaşılması kimi şərh edilən “tolerantlıq” ilk dəfə Orta əsərlərdə yaranmış və əxlaqi fəzilət, qeyri-xristian, və yaxud bidətçi ehkam, ayin, inancların etirafı kimi nəzərdən keçirilmişdir. Dini tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur xristian ilahiyyat alimi Foma Akvinalının “Teologiyaların külliyatı” əsərində rast gəlirik. Çağdaş dövrdə isə tolerantlıq problemini ilk tədqiq edən ingilis filosofu Con Lokk (1632-1704) olmuşdur. O, “Tolerantlıq haqqında öyüdnamə” (“Epistola de tolerancia”) əsərində tolerantlığı əsl, həqiqi kilsənin mühüm səciyyəsi kimi əsaslandırmışdır. T.Hobbs, Y.Bentam, A. de Tokvil, Volter, D.Didro, A.Smit, C.S.Mill, XX əsrdə isə G.Zimmel, T.Nükom kimi alimlər tolerantlığın tədqiqatçıları kimi tanınırlar. Dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq din mənsublarına (xristian-müsəlman, müsəlman-buddist, xristian-buddist və s.), təriqət nümayəndələrinə (katolik-protestant, protestant-pravoslav, sünni-şiə), Sektant hərəkatlarına qarşı ola bilər. İnanclı ilə inancsız (mömin-ateist) arasında da tolerant münasibətlər ola bilir. Mədəniyyətin mühüm elementi, vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi olan tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır. Buna görə də heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir.
Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmişdilər. Bü gün də bu belədir. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin nümayəndələri birlikdə yaşamışlar (zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ucbatından ermənilər istisnadır). Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rol oynadığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri belə şərh etmişdir: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır.”.
İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edən ulu öndər Heydər Əliyev islamın insanları paklığa, sağlığa çağırdığını vurğulamışdır. 1994-cü il 26 avqust tarixində mövlud bayramı münasibətilə Təzəpir məscidində təntənəli mərasimdə dindarlar qarşısında çıxış edərkən Heydər Əliyev İslam dininin tərbiyəvi əhəmiyyətindən bəhs edərkən demişdir: “İslam dini həmişə insanları sağlığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var.” Öz çıxışında insanların mənəvi tərbiyəsinin əhəmiyyətini xüsusi qeyd edən Heydər Əliyev göstərmişdir: “Mənəviyyatımız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir azərbaycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət, mənəvi sağlıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır.”
İslamın Qafqazda yayılmasının Qafqaz xalqlarının həyatındakı sosiomədəni əhəmiyyətini şərh edən Ulu Öndər demişdir: “Azərbaycanda İslam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycan İslam mədəniyyəti, İslam dini ilə bağlı olan dahi insanları – Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və İslam mədəniyyətini zənginləşdirmişdir. Biz bunlarla fəxr edirik. Biz Azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik.”
Ulu Öndər islamşünaslığın bir elm kimi Azərbaycanda dərindən araşdırılmasını genişləndirməyi irəli sürürdü. Sovet hakimiyyəti illərində respublikamızda islamşünas alimlərin az olduğunu, bu elmin tədqiqinə diqqət yetirilməməsini, islamşünaslıq elminin zəif inkişaf etməsinin səbəblərini sosial-ideoloji və siyasi şərtlərlə əsaslandıran Ümummilli Lider deyirdi: «Sovet hakimiyyəti illərində Azərbaycanın özündə demək olar ki, islamşünaslar çox az idi, bəlkə də yox idi. Bunun da səbəbini sizə deyim. Məsələn, keçmiş Sovetlər İttifaqında islamşünaslar, əsasən, Moskvada idilər. Çünki islama mən dediyim həmin kommunist ideologiyası tərəfindən o qədər mənfi münasibət var idi ki, islama mənsub olan alimlərin özləri islamşünaslıqla məşğul olmaqdan çəkinirdilər, qorxurdular. Digər tərəfdən də hesab edirdilər ki, bu, dünya elmi üçün o qədər də əhəmiyyətli bir sahə deyildir, yaxşı olar ki, başqa bir sahə ilə məşğul olsunlar.»
Dövlət-din münasibətlərinin düzgün tənzimləndiyi Azərbaycanın bu sahədə digər ölkələrə nümunə ola biləcəyini irəli sürən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsindəki rolundan bəhs edərək demişdir: “Heydər Əliyev həzrətlərinin əsasını qoyduğu dövlət-din münasibətləri özünəməxsus bir örnək kimi təkcə bizim ölkə üçün deyil, bütün dünya üçün nümunə ola bilər. Bizim bu gün bir araya gəlməkdə əsas məqsədimiz Azərbaycan gerçəkliklərini öyrənmək və yaymaqdır. İnşallah, bu ali məqsədə birlikdə nail olacağıq.”
Qeyd edək ki, Azərbaycan polietnik dövlətdir. Burada xalq dövləti təşkil edən etnosdan - Azərbaycan türklərindən və milli azlıqlardan təşkil olunub. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmayıb və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunurlar. Onlardan başqa ölkəmizdə ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar ki, bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi vətəni var və bununla belə Azərbaycan ərazisində yaşayan milli azlıqlara aiddirlər. Onlar da Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları olaraq bütün hüquqlardan istifadə edirlər. Bakı şəhərində iyirmidən çox müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların arasında rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri daha fəaldır. Bu gün ölkəmizin istənilən bölgəsində, etnik azlıqların kompakt şəkildə yaşadıqları ərazilərdə belə icmalar fəaliyyət göstərir.
Onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Onlara misal olaraq Azərbaycanda dağ yəhudilərinin məskəni Qırmızı Sloboda, rus-Molokanların yaşadığı İvanovka, udinlərin Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur Xınalıq kəndini və eləcə də başqa milli azlıqların yaşadığı onlarla belə məskənləri göstərmək olar ki, onların hamısı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilib.
Bu hüquq etnik azlıqlara imkan verir ki, kompakt yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində doğma dillərində təhsil alsınlar. Bunun üçün dövlət tərəfindən müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur. Ölkəmizdə etnik azlıqların dillərində qəzet və jurnallar çıxır, milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan multikultural mühit imkan verir ki, azsaylı xalqlar və etnik qruplar adət -ənənələrini, maddi və mənəvi mədəniyyətlərini də qoruyaraq inkişaf etdirsinlər.
Bütün bunlar onu deməyə əsas verir ki, milli azlıqların qorunması Azərbaycan rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Və bunun nəticəsidir ki, Azərbaycanda Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhfələr verirlər. Milli azlıqlar həm də Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunurlar. Respublikanın milli parlamenti - Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən rus, ləzgi, tat, talış və başqaları öz nümayəndələri ilə təmsil olunublar. Ölkə Prezidenti İlham Əliyevlə yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da multikulturalizmin Azərbaycan modelinin reallaşması istiqamətində mühüm işlər həyata keçirir. Mehriban xanımın rəhbərliyi və dəstəyi ilə Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətində çoxsaylı layihələr həyata keçirir, bununla da Azərbaycan multikulturalizminin üstünlüklərini bütün dünyaya əyani şəkildə təbliğ edir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun "Azərbaycan - tolerantlıq məkanı" layihəsi çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbir və layihələr beynəlxal ictimaiyyət tərfindən də rəğbətlə qarşılanır.
Bu da məlumdur ki, Azərbaycanın həyatımızın bütün sahələrində, o cümlədən İslam həmrəyliyi, multikulturalizm, tolerantlıq, dini və milli özünəgüvənci, bəzi dairələr tərəfindən hər zaman qısqanclıq və narahatlıqla qarşılanır. Buna görə də onlar respubilikamızın müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmaq məqsədilə bütün çirkin metodlardan istifadə etməyə cəhd edirlər. Bəzi bizi sevməyən, uğurlarımıza qısqanclıqla yanaşan qüvvələrin əlində alətə çevrilən bu qruplar, ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla, ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Ölkəmizdə mövcud olan multikultural mühit göstərir ki, bu cəhdlər əbəsdir. Azərbaycan müstəqil, milli maraqlara əsaslananməkandır. Dövlətimizin müstəqil siyasətinə, bu inkişaf yolunda irəliləməsinə təsir etmək mümkün deyil.
Bütün bu işlərin davamlılığı üçün dini maarifləndirmə istiqamətində də fəaliyyətin gücləndirilməsinə ehtiyac yaranır. Çünki görürük ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlığın, İslamın olduğu kimi təqdim edilməməsinin dayandığını göstərir. Bu səbəbdən də, Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi diqqət ayırır. Dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır.
Araşdırmalar göstərir ki, son illərdə, xüsusən, İslamın tarixi mahiyyəti, dünya mədəniyyət tarixində oynadığı rol, onun bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miqyasda keçirilən elmi konfransların və simpoziumların müzakirə obyektinə çevrilmişdir.
Aynur Səfərli,
polis leytenantı,
DİN-in Polis Akademiyasının əməkdaşı