İnkişaf dayanmır, hər il istehsalçılar həyatı asanlaşdırmaq üçün istehlakçılara yeni-yeni maraqlı cihazlar təqdim edirlər. Sizi də daim yeniliklərlə tanış olmağa və inkişafdan geri qalmamağa çağırırıq.
Sızıntı sensoru
Bu cihaz sızıntı haqqında xəbər verir və qısa zaman ərzində suyu kəsir.
Heç vaxt qonşunun evinə su axıtmamısınızsa, demək ki, siz birinci mərtəbədə yaşayırsınız.
Zarafat bir yana, ancaq sızıntılar ev sahiblərinin nüfuzuna xələl gətirməklə yanaşı, mənzilə də xeyli ziyan vura bilər. Təmir ucuz bir iş olmadığı üçün ziyana düşməkdənsə tədbirli olmalısınız. Təəssüf ki, evlərin kommunikasiyasına olan inam sızmaların heç vaxt baş verməyəcəyinə zəmanət vermir, buna görə də təhlükəsiz bir sızma sensoru quraşdırmaq daha yaxşıdır.
Bu cihaz işə düşən kimi siqnalizasiya aktivləşir və boruların ağzı avtomatik şəkildə bağlanır. Cihaz görünüşcə də çox incə və estetikdir.
Uzaqdan işıqlandırma
İşıqlandırmanı telefonla idarə etmək olar. “Ağıllı evlərin” ən faydalı və məşhur funksiyalarından biri işıqlandırmanın uzaqdan idarə edilməsidir. Bununla həm işıqlandırmaya tam nəzarət edə, həm də kommunal xərclərə qənaət edə bilərsiniz. Olduğunuz yerdən, divanda oturmaqla, kompyuter arxasından və s. işıqlandırmanı idarə etmək mümkündür. “Yuxu” rejimini tətbiq edən kimi bütün evdə işıqlar ən zəif parlaqlığa enir.
İqlim kontrolu
Çoxlarınız istilik sistemini işə salmaq üçün su kranlarını açıb-bağlamaqdan bezmisiniz. Hazırda avtonom istiləndirmə sistemləri də mövcuddur. İqlim kontrolu sistemi təkcə mənzildə temperatur dərəcəsini normallaşdırmır, həm də otaqların daimi havalandırılmasına nəzarət edir. Çöldə hansı havanın olmasından asılı olmayaraq, bu sistemi quraşdırmaqla evdə komfort yaratmış olarsınız.
Hərəkət sensorları
Bu sistem insan hərəkət etdiyi trayektoriyaya işıq salmaq üçündür. Düşünün ki, soyuducunun və ya avtomobilin qapısını açanda işıq avtomatik yanmır, biz onu əlimizlə yandırmalı oluruq. Yəqin razılaşarsınız ki, belə olsa rahatlığımız çox pozulardı. Bəs nə üçün mənzilimizdə bu sistem olmasın?
Mətbəx cihazlarının idarəsi üçün sistem
Bu sistem bütün mətbəx cihazlarını idarə etməyə imkan verir. Evdar qadınlar yəqin ki, nə vaxtsa arzulayıblar ki, mətbəxdə bütün əşyalar çaydan, qəhvədan və s. “ağıllı” olsun. “Whirlpool” şirkəti bu arzunu reallaşdırıb. Brend bir sistemlə bütün mətbəx cihazlarının inteqrasiyasını hazırlayıb. Bu platforma hətta soyuducuda xarab olmaq üzrə olan qidalar haqqında məlumat verir, yemək çatdırılmasına nəzarət edir, bütün cihazların işini diqqətdə saxlayır.
“Ağıllı” səs cihazı “Yandeks Stansiya”
“Alisa” səs cihazı artıq çoxdan brauzerlərlə işləmək üzrə məşhurlaşıb. Axtarışa veriləcək sualı səslə demək klaviaturada yazmaqdan daha rahatdır. Bu qadjetə həm də səsucaldıcı qoşulduğundan həm də sevdiyimiz musiqinin adını deməklə onu səsləndirmək xüsusiyyətinə malikdir. Cihazın digər bir üstün cəhəti onun uşaqlarınız üçün dayə rolunu oynaya bilməsindədir. Cihaz uşaqlara layla oxuyub, nağıl səsləndirə və ya sadəcə uşaqla söhbət edə bilər.
Cihaz həm simli birləşdiricilərlə, həm də Wi Fi və Bluetooth 4.1 modulları vasitəsilə işləyir.
Nubar Süleymanova, “İki sahil”