Azneft” İstehsalat Birliyində 2015-ci ilin texniki-iqtisadi göstəricilərinə dair hesabat müşavirəsi keçirilmişdir.Əvvəlcə, dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli” yatağındakı 10 saylı və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Birliyin Baş direktoru Daşqın İskəndərov ümumiyyətlə 2015-ci ili uğurlu hesab etsə də, dünya iqtisadiyyatındakı böhranın, neft qiymətlərinin kəskin düşməsinin bütünlüklə SOCAR-ın fəaliyyətinə təsirlərindən danışmışdır. O, hazırkı vəziyyət nəzərə alınmaqla ölkə iqtisadiyyatına maksimum töhfə verilməli olduğunu diqqətə çatdırmışdır.
Baş direktorun birinci müavini, Baş mühəndis Balamirzə Ağarəhimov 2015-ci ilin neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışmış, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat vermiş, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açmışdır. “Azneft” İstehsalat Birliyinin ötən il üzrə iqtisadi göstəriciləri müzakirə olunmuş, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Təbirdə Baş direktorun müavinləri çıxış edərək ötən il ərzində kapital qoyuluşları və layihələrin həyata keçirilməsi, əməyin mühafizəsi, istehsalat proseslərində texniki təhlükəsizliyin təmin edilməsi, təchizat, nəqliyyat sahələrində görülmüş işlər barədə hesabat vermişlər. Yekun nitqi söyləyən Baş direktor Daşqın İskəndərov 2016-cı ilin neft sənayesi üçün vacib bir il olacağını söyləmiş, hasilat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərin daha da artırılmasının, yüksək peşəkarlığa malik kadrların irəli çəkilməsinin vacibliyini qeyd etmişdir. O, 2016-cı il üçün vacib məsələlərdən biri kimi yarımçıq qalmış tikililərin başa çatdırılması, qəza baş vermiş “Günəşli” yatağındakı 10-cu özülün bərpası barədə tapşırıqlarını vermişdir. Vurğulanmışdır ki, cari ilin sonuna kimi 10 saylı özüldəki quyuların təmir olunaraq istismara verilməsi nəzərdə tutulmuşdur. İstehsalatda bədbəxt hadisələrin, qəzaların baş verməməsi üçün mütəmadi yoxlamaların keçiriləcəyi qeyd edilmiş, yeni özüllərin, meydançaların tikintisinin nəzərdə tutulduğu bildirilmişdir.