17 noyabr 2020 18:31
1699

“Qırmızı planet”ə ilk kim ayaq basacaq?

Hələlik Marsda yaşamaq mümkün olmasa da, ora Yerdən qalxan çoxlu sayda pilotsuz uçuş aparatları bu qırmızı planet haqqında kifayət qədər informasiya toplaya bilib. Hazırda isə ancaq bir sual qalır ki, görəsən, Marsa ilk kim ayaq basacaq və ümumiyyətlə, bu, mümkün olacaqmı?

Mütəxəssislər hesab edirlər ki, yaxın on il ərzində bu uçuş mümkün ola bilər. Belə xəbərlərə əsaslanan bir çox insanlar bu uzaq planetə ilk gedənlərdən olmaq arzusundadırlar. Lakin həmin insanlar bir məqamı unutmamalıdırlar ki, gedərkən vətənləri, ümumiyyətlə, Yer planeti ilə tamamilə vidalaşmalı ola bilərlər. Hazırda mövcud texnologiyalar insanı Marsa aparmağa imkan verir, ancaq geri qaytarmağa qadir deyil.

Niderlandda yaradılan “Mars One” təşkilatı artıq Marsa ilk gedəcək namizədlərin seçimi ilə məşğul olmağa başlayıb. Bu seçim üçün xüsusi şərtlər mövcuddur: həmin şəxs yetkin yaşlı olmalıdır və dərk etməlidir ki, ona bilet birtərəfli marşrut xətti üzrə verilir. Bunu qəbul edən yetkin şəxslər öz ərizələrini şirkətin saytına göndərməlidirlər. Marsa getmək istəyənlərin siyahısının tutulmasına 2013-cü ildən başlanılıb. Maraqlıdır ki, 140 ölkədən 240 mindən artıq insan bu qeyri-adi yolçuluğa həvəs göstərib. Getmək istəyən hər dörd nəfərdən biri ABŞ vətəndaşıdır. Daha sonra isə siyahıda çinlilərin və hindlərin adı çoxluq təşkil edir. Siyahıda 8000 Rusiya vətəndaşının da adı var. Bu qədər insan yəqin ki, bir dəfəyə Marsa uçmayacaq, onlar qrup şəklində yola salınacaqlar və onlar oraya gedənədək yaşayış üçün müəyyən baza yaradılacaq. Bu layihə üzərində isə Danimarkalı mühəndis Kristian fon Benqston çalışır. Tədqiqatçılar inanırlar ki, Mars planetinin səthində tərəvəz və göyərtilər yetişdirmək mümkün olacaq. Lakin Marsa gedənlərin qidası təkcə bunlar olmayacaq, davamlı şəkildə Yerdən ora bütün lazımlı şeylər daşınacaq.

 Bəs Yerdən Marsa kosmik yolu nə qədər vaxta qət etmək olacaq?Orta hesabla bu iki planet arasında məsafə 225 milyon kilometr təşkil edir, amma hər iki planetin daim hərəkətdə olduğunu nəzərə alsaq, maksimal məsafə 401 milyon km, minimal məsafə isə 54, 6 milyon km-dir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, “Mars One” təşkilatı bu işdə tək deyil. Marsa uçmaq istəyənlərlə bağlı hələ ötən əsrin 50-ci illərindən SSRİ-də sorğular başlanılmışdı. Planetlərarası ilk aparatların yaradılması üzərində işlər 1959-cu ildə M. K. Tixonravov tərəfindən həyata keçirilmişdi. Təsadüfi deyil ki, həmin dövrdə yazılan “Və Marsda almalar çiçəkləyəcək” adlı mahnının sözləri tamamilə bu mövzuya aiddir. Həmin illərdə ruslar planetlərarası uçuşlara aid filmlər də çəkirdilər.

 Ufoloqlar isə hesab edirlər ki, Marsa ilk uçuş üzərində mərc etməyə dəyməz, çünki onlar əmindirlər ki, bizim əcdadlarımız milyon illər əvvəl artıq Marsa ayaq basıblar.

Nubar Süleymanova, “İki sahil”