08 dekabr 2020 17:24
1121

Koronavirus: Avropa Milad bayramına necə hazırlaşır?

Aylardır ki, koronavirus məhdudiyyətləri mövcuddur və insanların hara və necə gedəcəklərini o diktə edir.

Yaxınlaşan Milad bayramı ilə bağlı bəs Avropa ölkələrində bayram tətili zamanı hər hansı yumşalmalar olacaqmı, yoxsa əksinə, daha sərt qərarlar gözlənilir?

İtaliya: Milad bazarları olmayacaq və komendant saatı qüvvədə qalacaq.

İtaliyada hazırda yüksək ölüm sayı müşahidə olunmaqdadır və Baş nazir Cüzeppe Konte italyanlara daha ehtiyatlı bir Yeni il gecəsi keçirməyi, qonaqlıqda toplaşmamağı, öpüşüb-qucaqlaşmamağı tapşırıb.

Hazırda İtaliyanın bəzi regionlarında karantin elan olunub, 21 dekabrdan 6 yanvaradək həmin regionlara giriş qadağan edilib.

Milad günü və Yeni İl günü İtaliyada çox güman ki, fövqəladə və tibbi səbəblər istisna olmaqla digər səbəblərdən evdən çölə çıxmaq qadağan olunacaq.

Kilsələr açıq olacaq, lakin komendant saatı olduğundan ənənəvi Milad gecəsi sıxlığı olmayacaq.

Milad tətili zamanı Avropada xizək mərkəzlərinə də adətən çox böyük axın olurdu. Lakin bu il İtaliya, Fransa və Almaniya kimi Avropa nəhəngləri xizək mövsümünü də təxirə salıb. Hər üç ölkədə Milad tətili zamanı xizək mərkəzləri bağlı olacaq. Məşhur xizək mərkəzləri güclü gəlir itkisi ilə qarşılaşacaqlarına görə bu qərarı tənqidlə qarşılayıblar.

Avstriyada isə qaydalara riayət etmək şərti ilə xizək mərkəzlərinin açıq qalmasına icazə verilib.

Fransa: Fransada həftələrdir davam edən sərt karantinin 28 noyabr tarixindən nisbətən yumşaldılacağı gözlənilir. Milad bayramı vaxtı dükan və mağazaların, teatrların və s. açıq olması planlaşdırılır.

Qeyd edək ki, oktyabr ayının sonlarından Fransada iki dəfə sərt karantin tətbiq edilib. Lakin yumşaldılmalar gözlənilsə də, 15 dekabr axşam saat 9-dan səhər saat 7-yə qədər komendant saatı tətbiq ediləcək. Bu ölkədə komendant saatı təkcə Milad bayramı və Yeni il gecəsinə şamil edilməyəcək.

 Fransada restoranlar və məktəblər 20 yanvar tarixinədək, kafe, bar və gecə klubları isə qeyri-müəyyən vaxtadək bağlıdır. Təkcə Milad günü kilsələrdə dini ibadətlərə 30 nəfər limitlə icazə veriləcək.

Almaniya: Almaniyada karantin 10 yanvara qədər uzadılıb. Restoran və əyləncə mərkəzləri bağlıdır, məktəb və mağazalar isə açıqdır. Bir dekabr tarixindən iki ailə və ya maksimum beş nəfərdən artıq insan bir yerə toplaşa bilməz.

 Milad bayramı zamanı müvəqqəti olaraq bu rəqəm 10-a qədər artırılacaq. Lakin Almaniya kansleri Anqela Merkel insanlara bir yerə toplaşmazdan əvvəl yaxşıca düşünməyi məsləhət görüb. O, qeyd edib ki, xəstə sayı həddindən çox olduğuna görə, bundan əlavə ciddi bir yumşalma nəzərdə tutulmayıb. Küçələrdə qələbəlik olmasın deyə atəşfəşanlıq da ləğv olunub.

İspaniya: İspaniyada isə bir qədər fərqli Milad qaydaları müəyyən edilib. Qonaqlıqlarda ən çox altı nəfərin toplaşmasına icazə verilib. İcazədə, həmçinin qapalı məkanların tez-tez ventilyasiyasının və sosial məsafənin vacibliyi qeyd olunur.

İspaniyanın Kataloniya əyalətində 10 nəfərə qədər insanın toplaşmasına icazə verilib. Madriddə isə Milad bayramı ilə əlaqədar tibb məntəqələrində kütləvi test aparılacaq və xəstə olmayan hər kəs rahat şəkildə, həmişəki kimi bayramı qeyd edə biləcək.

Avstriya: 7 dekabrdan etibarən Avstriyada ikinci sərt karantin qüvvədədir, lakin insanlar ümid edirlər ki, məhdudiyyətlər Milad bayramı qabağı yumşaldılacaq. Avstriyada sərt karantindən çıxmaq üçün kütləvi test proqramı tətbiq ediləcək. Yüz minlərlə müəllim və polis ilk növbədə test ediləcək, daha sonra isə testlər kütləvi şəkildə davam etdiriləcək.

Ölkədə ənənəvi Milad yarmarkalarının bağlı olacağı gözlənilir. Xizək mərkəzləri açıq, otellər isə bağlı olacaq.

Rusiya: Rusiyada ilk növbədə yaşlı insanlara özlərini karantinə almaq tapşırılıb. Rusiyada Milad bayramından daha çox Yeni il gecəsi insanlar bir yerə toplaşırlar. Paytaxt Moskvada yanvar ayının on beşinədək xüsusi tədbirlər və qaydalar tətbiq ediləcək. Restoranların daha tez bağlanması, kino və teatrların isə 25 % gücü ilə işləməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı insanlar isə yüksək risk qrupuna aid olduqlarına görə, özünütəcrid qaydalarına ciddi riayət etməlidirlər.

Bir ay boyunca bəzək-düzəkli qalan paytaxt şəhər də bu il olmayacaq. Digər regionlarda da buna bənzər qaydaların qoyulacağı gözlənilir. Qeyd edək ki, Rusiyada rekord yoluxma sayı 26 noyabrda qeydə alınmışdı.

Nubar Süleymanova, “İki sahil”