08 dekabr 2020 18:26
1550

Bu ixtiralar sadəcə bir təsadüfün nəticəsidir

“Coca-cola”     

 Bu içki 1886-cı ildə Corciya ştatının Kolumbus şəhərinin sakini  farmaseft Con Stis Pemberton tərəfindən ixtira edilmişdir. Əslində,o, bu içkini  dərman vasitəsi kimi yaratmışdı. İş burasındadır ki, ABŞ-da XIX əsrdə bir çoxları morfiyə aludə olmuşdular və “Cola”nın köməyi ilə bu asılılıqla mübarizə aparırdılar. İlk “Cola” nın tərkibində  alkoqol var idi. Əslində bu, koka yarpaqları ilə şərabın qarışığı əsasında hazırlanan içki idi. Lakin sonra bir neçə müddətdən sonra  içkinin resepti dəyişdirilir və koka yarpaqlarına yandırılmış şəkərdən şərbət əlavə edirlər.

“Cola”nın qazlaşdırılması isə maraqlı hadisə ilə bağlıdır.  Bir səhv nəticəsində Pembertonun köməkçisi  preparatı qazlı su ilə qarışdırır və dünyada ilk "Coka-cola" içkisi yaranır. Bir neçə müddətdən sonra  Pemberton içkinin istehsal hüququnu "The Coca-Cola Company" şirkətinə satır. Yeni bir  dad alıcıların xoşuna gəlir.Şirkət uzun illər bu sirli reseptlə milyonlar qazanır. Pemberton isə kəşfindən iki il sonra baş ağrısına qarşı hazırladığı dərmanın qurduğu maliyyə imperiyasını görmədən vəfat edir.

Vazelin

Vazelin bir maddə kimi ingilis kimyaçısı Robert Çezbro tərəfindən bir təsadüf nəticəsində icad edilir. 1859-cu ildə Çezbro neft sənayesi işçilərinin neft nasoslarının borularında yığılan parafindən narazı olduqlarını görür. Çezbro bu maddədən nümunə götürür və təcrübə aparır və yeni bir maddə icad edir. O, neft jelesinin möhtəşəm sağaldıcı təsirə malik olduğunu aşkar edir. Kimyaçı ona “vazelin” adını verir. O, bu  jeleyə bənzəyən  möhtəşəm maddənin  sağaldıcı təsirə malik olduğu aşkar edir. 

Yeni ixtara olunmuş vazelin  sayəsində  bütün yara və kəsiklər dərhal sağalırdı. O zamanlar vazelin, demək olar ki, xalça təmizlənməsindən başlayaraq burunun təmizlənməsinə qədər hər yerdə istifadə olunurdu. Kimyaçı  vazelinin sehrli təsirinə o qədər inanırdı ki, ömrünün sonuna qədər hər gün  ondan bir xörək qaşığı yeyirdi. Robert Çezbro 96 yaşında vəfat edir.

Mikrodalğalı soba

20-ci əsrin 40-cı illərində müxtəlif ölkələrdə güclü radio dalğaları əldə etmək üçün eyni vaxtda işlər aparılırdı. 1945-ci ildə amerikalı mühəndis Spencer mikrodalğalı ərazidə “Radio tube” adlı bir maqnetronu  sınaqdan keçirir. Sınaqlar zamanı cibində olan şokolad əriyir. Mühəndis bunun maqnetron sayəsində baş verdiyini güman edir və cihazın yanına popkorn üçün buğda qoyur. Bir neçə dəqiqə ərzində popcor hazır olur. Spenser yumurta hazırlamaq qərarına gəlir, lakin yumurta partlayır və o, belə bir fikrə gəlir ki, aşağı tezlikli enerji qida məhsullarının sürətlə hazırlanmasına səbəb olur. Bir ildən sonra ilk mikrodalğalı soba yaranır.

Antibiotik

 Bakteriya infeksiyaları ilə mübarizədə geniş istifdə olunan penisilin qrupundan olan antibiotiklərin kəşfi məşhur elmi əfsanəyə çevrilib. Bir təsadüf nəticəsində ixtira olunan  bu antibiotikın maraqlı bir yaranma tarixi var. Şotlandiya bioloqu Aleksandr Flemminq 1928-ci ilin avqustunda tədqiqat işlərindən yorularaq məzuniyyətə yollanır. Qayıdanda isə görür ki, laboratoriyada açıq pəncərə qarşısında qoyub getdiyi stafilokok bakteriyalarının  üzərində göbələklər əmələ gəlib və bakteriyaları məhv edib. Bu kəşf təbabətdə antibiotiklər əsrinin başlanğıcını qoyur.

Saqqız

 Yeməkdən sonra işdə çoxlarının mütəmadi olaraq istifadə etdiyi saqqız da əslində təsadüf nəticəsində icad edilib. 1869-cu ildə Tomas Adams plastik bir maddə hazırlamaq istəyərkən saqqızı kəşf edir. Saqqız insanların xoşuna gəlir və artıq 1871-ci ildə Adams onun avtomatik istehsalı üçün maşın da icad edir və patentləşdirir. Daha sonra o, saqqızın dadını yaxşılaşdırmaq üçün ona biyan ekstraktı da əlavə edir.

Yara bandı

1942-ci ildə amerikalı fizik, doktor Harri Kuver portativ silahın optik nişangahı üçün şəffaf plastik hazırlanması üzərində işləyir. O, işində materialları möhkəm yapışdıran sianoakrilatdan istifadə edirdi. 6 il ərzində apardığı araşdırmalar nəticəsində o, yara bandı  yaradır. Onun bu ixtirası Vyetnam müharibəsi dövründə çox faydalı olmuş, açıq yaraların qanaxmasını saxlamaq üçün istifadə olunmuşdu. Beləliklə, silahları təkmilləşdirmək üçün nəzərdə tutulan bu ixtira bir çox insanın həyatını xilas edir.

Yapışqan vərəqlər

 Qeydlər üçün ixtira olunan  yapışqan vərəqlər bir təsadüf nəticəsində  Artur Fray tərəfindən yaradılıb. 1968-ci ildə Amerikalı fizik Spencer Silver kağız ilə işləmək üçün yapışqan yaratmağa çalışırdı. Bu, yapışqan kağızı bir səth üzərində saxlaya bilməli, lakin kağız zədələnmədən səthdən qopmalı idi. Silverin işlədiyi şirkətdə heç kim bu ideyanı bəyənmir. Lakin bir müddətdən sonra Artur Fray bu ideyanı həyata keçirir və ideya populyarlıq qazanır.Artıq 1980-cı ildə bu kağızlar satışa buraxılır və insanlar tərəfindən çox sevilir.

Dinamit

Dinamitin  ixtirası  Alfred Nobelə məxsusdur. O, nitroqliserin üzərində işləyərkən  bir təşadüf nəticəsində dinamiti icad edir. Alim nitroqliserini sabitləşdirməyə və təsadüfi partlayışların qarşısını almağa çalışırdı.Təsadüf nəticəsində icad etdiyi maddə  yerə düşür, yerdə isə çoxlu yonqar olur. Yonqar bir qədər stabillik verir və maddə partlamır. Nobel nitroqliserinə silisi əlavə edərək onun formulunu təkmilləşdirir. Beləliklə, dinamit yaranır.

Samirə Tağıyeva, ”İki sahil”