14 dekabr 2020 18:20
2978

Bir qazinin döyüş yolu - FOTO

“Təkbaşına erməni səngərlərinə girərək süngü bıçağı ilə düşməndən şəhidlərimizin qisasını almışam”

Azərbaycanın müzəffər ordusu dünyanın ən öncül təşkilatlarının 30 ilə yaxın bir müddətdə həll edə bilmədiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini 44 gündə döyüş meydanında həll etdi. Bu azadlıq müharibəsi bir çox özəllikləri, əsgərlərimizin igidliyi, qorxmazlığı, şücaəti, şəhadətə can atması, millətimizin arxa cəbhədə bir yumruq kimi birləşərək orduya misli görünməmiş dəstək verməsi ilə yaddaşlara köcdü. Dünya hələ uzun müddət bu fədakarlıqdan, yaralı halda sıldırım qayaları dırmanaraq odlu silahlı dümən əsgərə bıçaqla hücüm edən və zəfər çalan əsgərdən, dronların səmada şahin kimi süzdüyü müharibədən çox danışacaq. Bəli müharibə idi, şəhidimiz də oldu, qazimiz də, hər ikisi bizimdir, necə ki, Qarabağın bizim olduğu kimi. Sözsüz ki, bu böyük seçinci bizə yaşadan belə qaziləri, qəhramanları, şəhidləri təbliğ etmək, onları tanıtmaq hər birimizin müqəddəs borcudur. Bu yazımızda sizi belə qəhrəman qazilərimizdən biri olan baş leytenant Pərvin Abdullayev ilə tanş edəcəyik.

Əslən Masallı rayonundan olan P. Abdullayev qəzetimizə verdiyi müsahibəsində bildirdi ki, azadlıq müharibədəsində 50-yə yaxın erməni öldürüb, bir neçə texnikalarını sıradan çıxarıb, 8 saat mühasirədə qalıb, 20-dən artıq qəlpə yarası alaraq qazi olub. 

Dünyaya 1989-cu ildə Sumqayıt şəhərində göz açan qəhrəmanımızın atası da hərbiçi olub: “Atam I Qarabağ müharibəsində aktiv iştirak edən döyüşçülərdən biri olub, hazırda ehtiyatda olan polkovnikdir. Mən 2007-ci ildə orta məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə daxil olmuşam. 2011-ci ildə həqiqi hərbi xidmətə yollandın, 2016-ci ildən isə Azərbaycan Ordusunun sıralarında zabit kimi fəaliyyətə başladım. İlk xidmət yerim də cəbhə bölgəsi olan Beyləqan olub.”

“Cənab Ali Baş Komandanımız döyüş tapşırığı verəndə...”

Sentyabrın 27-də Ali Baş Komandanımız cənab İlham Əliyev döyüş əmri verərkən içində böyük bir qürur hissi olduğunu deyən Vətən müharibəsinin iştiraçısı sevinib ki, onun da haqq davamızda payı olacaq, o da bu döyüşlərdə iştirak edərək adını şanlı tariximizə yazdıracaq: “Bizim ailəmizin I Qarabağ müharibəsində şəhidi olub. Həm o zamankı müharibədə şəhid olan bütün qardaşlarımızın, həm dinc əhaliyə qaşı edilən kütləvi soyqrımların, həm general-mayor Polad Həşimovun simasında bütün qəhrəmanların qisası bizi döyüşə həvəsləndirirdi. Kimliyindən, rütbəsindən asılı olmayaraq hər bir əli silahlıda illərin, xalqımıza qarşı edilən haqsızlıqların qisas hissi var idi. 30 illik torpaq həsrətinə son verməyin, Erməniləri öz ata-baba tortaqlarımızdan iti qovan kimi qovmağın vaxtı gəlib çatmışdı. Cənab Ali Baş Komandanımızın əks-hücum əmrini damarında Azərbaycan qanı dolaşan hər bir şəxs böyük sevinclə qarşıladı, cünki xalqımız artıq başa düşürdü ki, ərazi bütövlüyümüzün bərpası yalnız “dəmir yumruq”la bərpa olunacaq. Beynəlxalq qurumlar bu münaqişəni 30 ilə qədər uzatmaqdan başqa bir işə yaramadı, müharibə qaçılmaz idi”.

“Atam ehtiyatda olan polkovnik olduğu üçün...”

Düyüşlərin başlandığı gün Ağdan istiqamətində xidmət edən müsahibimizin döyüş yolu Füzuli rayonunun “Vilayət posti” deyilən istiqamətindən başlayıb. Sonra Hadrut qəsəbəsini, Qaraxanbəyli, Yuxarı və Aşağı Qaraxanbəyli, Merdinli və Seyidəhmədli kəndlərinin alınmasında iştirak edib. “Səhər saat 6:20-də döyüş həyəcanı verildi. O zaman valideynlərimə heç bir məlumat verməmişdim. Lakin sonradan yalnız atamla qısa danışıqlarım olurdu. O, ehtiyatda olan polkovnik olduğu üçün mənə müəyyən məsləhətlər verir və döyüş əhvalımı daha da artırırdı. Ümumiyyətlə, cəbhədə olarkən telefonla danışmağa vaxt da olmurdu. Bəzən 3-4 gün danışa bilmirdik. Digər tərəfdən, telefonla çox danışmaq bizi təhlükəyə sala bilərdi”, - deyə qazimiz bildirir.

“Bir atəşlə 50-yə yaxın erməni əsgərini məhv etdim”

Əsasən günün ikinci hissəsində hücum ediklərini vurğulayan zabitimiz şəxsən özünün təkbaşına həyata keçirdiyi uğurlu əməliyyatdan danışdı: “Əvvəlcə kəşfiyyat xarakterli hərəkətlərimiz olurdu. Düşmən tərəfin dislokasiya məntəqələrini və texnikalarını müəyyən edib, sonra hücuma keçirdik. Mənim özümün uğurlu bir kəşfiyyat əməliyyatım olub. Qaraxanbəyli kəndi ərazisində düşmən tərəfinə keçərək onların bir dislokasiya məntəqəsini, iki tankını və iki qradının koordinatlarını müəyyən etdim. Çıxardığım həmin koordinatlar əsasında bir atəş açmaqla dislokasiya mərkəzini, 50-yə yaxın erməni əsgərini və o qurğuların hamısını məhv etdim. Bundan başqa dəfələrlə olub ki, təkbaşına erməni səngərlərinə girərək süngü bıçağı ilə ermənilərdən şəhidlərimizin qisasını da almışam.”

“Qaraxanbəylidə 8 saat mühasirədə qalarkən...”

Qaraxanbəyli kəndinin alınması bir az fərqli olub qazi zabitimiz üçün: “Ümumiyyətlə, döyüşlərdə olduğum müddətdə ən ehtiyat etdiyim şey düşmən əlinə sağ keçmək idi. Bunu heç kimə də rəva görmürəm. Həqiqətən də əsir düşmək bir əsgər üçün ən pis haldır. Bəlkə də bu səbəbdən idi ki, cəhbədə olduğum müddətdə yuxu nədir bilməmişəm, yatmağı demək olar ki, unutmuşdum. Qaraxanbəylidə 8 saat düşmənin mühasirəsində qalarkən ölmək daha yaxşı idi, nəinki əsir düşmək. Mühasirəyə düşəndə gündüz vaxtı idi, yəni qaçmaq üçün şansım çox az idi, hər an yerimi təyin edə bilərdilər, öz tərəfimizdən kömək də gələ bilmirdi. Yeganə yol havanın qaralmasını gözləmək idi. Olduğum yerdə tərpənmədən havanın qaralmasını gözlədim. Nəhayət, hava qaralandan sonra qısa məsafələrlə, sürünə-sürünə mühasirədən çıxa bildim. Öz mövqeylərimizə gələn kimi isə çıxardığım koordinatlar əsasındə həmin ərazidəki düşmən birliyini vuraraq darmadağın etdik. Uzun müdət o mühasirədən çıxdığıma inana bilmirdim, bu, mənə çox təsir etmişdi”.

“Döyüş yoldaşımızın snayperlə vurulması biri çox sarsıtdı”

Şahidi olduğu ən təsirli səhnələrdən birini də bizimlə bölüşən baş leytenant sözlərinə belə davam edir: “İlk günlərdən çiyin-çiyinə vuruşduğumuz bir yoldaşımız var idi: gizir Kənan Səlimzadə. İsmayıllı rayonundan idi, çox şən, kollektivdə hamı tərəfindən sevilən bir adam idi. Onun şəhid olması bütün kollektivə çox pis təsir etdi. Qaraxanbəylidə açıqlıq ərazidə yarlı əsgərlərə yardım göstərirdik, hərəmiz bir tərəfdə idik. Bir də gördük ki, Kənan erməni snayperinin gülləsinə tuş gəldi. Mərmi onun göz nahiyəsinə dəymişdi, yerindəcə şəhidlik zirvəsinə ucaldı. Çox təsirli səhnə idi, hamımızı sarsıtdı o ölüm. O hadisə bu gün də gözlərimin önündə canlanır”.     

“Minamiyot mərmisi 10 metrlik məsafəmə düşdü, artıq gec idi”

Oktyabrın 18-də Seyidəhmədli kəndinin alınması uğrunda gedən qızğın döyüşlər P. Abdullayev üçün 22 günlük döyüşlərdə onun qazilik məqamına yüksəlməsi ilə nəticələnib: “Gündüz vaxtı idi və biz ərazidə hücum taktikası müəyyən etmək üçün toplanmışdıq. Bunu görən düşmən tərəfi bizin olduğumuz mövqeyə doğru artileriya qurğusu ilə atəş açdı. Minamiyot 10 metrlik məsafəmə düşəndə artıq gec idi və mən o anda yaralandım. Sonra nə olub, necə olub heç bir şey yadımda deyil. Sağ olsunlar, yoldaşların köməyi ilə təcili yardım maşınına qoyularaq Füzulidəki diaqnostika mərkəzinə yola salınmışam. Sonradan isə Bakıda yerləşən hərbi hospitala gətirildim. Hazırda sol gözüm sola dönmür, sol qulağım zəif eşidir, baş nahiyəmdə 3 qəlpə var ki, onlar ömrümün sonuna kimi mənimlə bir yerdə olacaq, sağ gözümə dəyən qəlpə görməmdə məhdudiyyət yaradıb, sağ ayağımdan 18 qəlpə çıxarıblar. Topuq və ayaq barmaqlarımı millə yığıblar”.

Taleh Bağırov, “İki sahil”