Pərləri fırlanmaqda olan helikopterin üstündən tullandı, sürüşərək insanın ayaqları arasından keçdi. Fransalı xizəkçi Kandid Toveks növbəti şousu ilə bütün dünyanı mat qoyub. Val Blan bölgəsində xizəklə sürüşməyə başlayan adrenalin həvəskarı təhlükəli manevrləri ilə izləyənləri vahimələndirir.
Qar üzərində sürət toplayaraq velosipedçilərin üstündən tullanan Toveks çox keçmədən təhlükənin ölçüsünü artırıb. Bu dəfə avtomobilin içindən tullanaraq keçən xizəkçi bir neçə saniyə sonra pərləri fırlanan helikopterin üstündən uçub.
Ancaq bunlar da son olmayıb. Kifayət qədər sürətlə sürüşsə də, atla hərəkətdə olan başqa bir xizəkçinin əlindən yüyəni almağı bacaran xizəkçi, bir müddət minik heyvanının arxasınca sürüşsə də, növbəti dəfə kəskin manevrlə istiqamətini dəyişib.
Sonda xizəklə gölə daxil olan idmançı burda da sudan quru çıxıb. Özünü helikopterdən sallanan kəndirə çatdıran Toveks həmin kəndirdən yapışaraq havaya qalxıb.