24 dekabr 2020 17:10
1681

Ultrabənövşəyi şüalar koronavirusu yox edirmi?

Bununla bağlı Milan Dövlət Universitetinin professor-immunoloqu Mario Kleriçi təcrübələr aparıb. Təcrübələr zamanı ətrafda koronavirus xəstələri öskürən zaman yayılan damcıların effektini əldə etmək üçün Sars-CoV2 virusunun hissələri bir damcı suyun içərisinə yerləşdirilib.

Əldə edilən material xüsusi bir lampanın altında qızdırılıb. Nümunələr müxtəlif dərəcədə şüalandırılıb. Bir neçə saniyə içərisində virus ən zəif ultrabənövşəyi şüaların altında belə məhv olub.

Beləcə, alimlər müəyyən ediblər ki, hətta ən az ultrabənövşəyi şüalar belə koronavirusa təsir edir. Yayda yer üzərinə düşən günəş şüaları virusun yayılmasının qarşısını almağa qadirdir. Günəş şüaları altında insanların asqırması, öskürməsi zamanı yayılan virus hissəcikləri, mikroorqanizmlər digər insanlar üçün zərərsiz olur.

Professor Pakistan, Hindistan, Banqladeş və s. cənubda yerləşən ölkələrdə yüksək yoluxma sayının nədən olduğuna da aydınlıq gətirib. O bildirib ki, həmin ölkələrdə musson iqlimi hökm sürür. Tez-tez yağan yağışlar səbəbindən düşən günəş şüalarının tərkibi insanları xəstəlikdən qorumağa kifayət etmir. Yəni virusları yox edən günəşin istiliyi, isti hava deyil, məhz ultrabənövşəyi şüalardır.

Nubar Süleymanova, “İki sahil”