28 dekabr 2020 14:42
805

Dünya əhalisi ən çox nədən əziyyət çəkir?

Belə bir zarafatyana deyim var: “Sağlam insan yoxdur, yaxşı müayinədən keçməmiş insan var”. Əslində sağlamlıq nisbi bir anlayışdır və demək olar ki, hər kəsin əziyyət çəkdiyi sağlamlıq problemləri var. Bu fakt statistika ilə də təsdiqlənir.

Uzağıgörmə

Əslində buna tam şəkildə xəstəlik deyilə bilməz, çünki yaşlanma ilə özünü göstərən fizioloji bir xüsusiyyətdən bəhs edirik.

Bu xüsusiyyət həyat keyfiyyətini aşağı salır və görmə aparatının yükünü artırır. Uzağıgörmə qocalmanın bir əlaməti kimi qəbul olunur və demək olar ki, insanların 80 %-də yaşlandıqca bu hal baş verir.

Karies

Bu xəstəlik o qədər geniş yayılıb ki, artıq onu çoxları xəstəlik kimi qəbul etmir. Əslində isə söhbət, xüsusilə inkar edilərsə, həyat keyfiyyətini ciddi şəkildə aşağı salan bir problemdən gedir. ÜST-ün məlumatına görə, 20-64 yaş arası insanların 98 %-də kariesə rast gəlinir.

Herpes

Bu infeksiya 65-90 % insanlar arasında yayılıb. Həkimlər herpesin daha çox insanda olduğunu, lakin bəzən latent formada inkişaf etdiyini bildirirlər.

Hipertoniya

Bu xəstəlik dünya əhalisinin 30 %-də rast gəlinir. 60 yaşdan yuxarı insanların isə 60-65 %-də hipertoniya baş qaldırır. Hipertoniya insanı yavaş-yavaş məhv edir, ürək-damar sistemini sıradan çıxarır. Elə buna görə də, qan təzyiqini daim nəzarətdə saxlamaq lazımdır.

Yastıpəncəlilik

Ayaqqabı istehsalçıları Yer kürəsi sakinlərinin 80 %-nin yastıpəncəlilikdən əziyyət çəkdiyini diqqətdə saxlayırlar. Qadınlar arasında bu göstərici daha yüksəkdir. İlk növbədə bu patologiya düzgün ayaqqabı seçimi tələb edir. Laqeyd yanaşılarsa, yastıpəncəlilik ayaqlarda damarların genişlənməsinə səbəb ola bilir.

Nevroz

Nevrotik spektrum pozuqluqları əhalinin təxminən 20%-də özünü göstərir. Bu ÜST-ün statistikasıdır. Bir çox insanın psixoloji yardım almaqdan çəkindiyini nəzərə alsaq, bu göstəricinin daha da yüksək ola biləcəyi mümkündür. Bəzi insanlar isə nevrozu artıq həyat tərzi kimi qəbul edib. Bu və ya digər bəzi patologiyalarla yaşamağa insanlar demək olar ki, artıq vərdiş ediblər.

Nubar Süleymanova, “İki sahil”