1955-ci ildən bəri “Ginnesin Rekordlar Kitabı” dünyada baş verən hadisələri və insanların qeyri-adi rekordlarını qeyd edərək dərc edirdi. Çoxsaylı hadisələrin əksəriyyəti illər ötdükcə təkrarlanaraq, hətta yenilənirdi. Lakin elə rekordlar var ki, onları qırmaq heç cür mümkün olmayıb. Bu yazıda heç bir zaman təkrarlanmayan dünya rekordlarını təqdım edirik.
Dünyanın ən uzun qadını və kişisi
Bəşəriyyət tarixində nəhəng hesab edilən kifayət qədər insan olub, ancaq Robert Uodlou adlı amerikalının rekordu hələ də təzələnməyib. Dünyanın ən uzun insanı kimi tarixdə iz qoyan Robert 22 fevral 1918-ci ildə 3.95 kq çəki ilə normal uşaq kimi anadan olub. Lakin doğuşdan sonra sürətlə böyüməyə başlayan Uodloun 6 ayında çəkisi artıq 13 kq idi. Bütün uşaqlardan fərqli olan Robert 5 yaşında bağçaya gedərkən artıq nəhəng bir insana dönmüşdü. Onun boyu 1.87 m, çəkisi isə 50 kq-dan artıq idi. Robertin 19 yaşı tamam olanda 2.61 m boyu ilə dünyanın ən uzun boylu insanı kimi tarixə düşür. “Zərif nəhəng” ləqəbi ilə tanınan Uodlou milli media kanalları tərəfindən dəvət almağa başlayır və bu qədər məşhur olması onu uzunmüddətli pul mənbəyinə çevirmiş olur. Təəssüflər olsun ki, 15 iyul 1940-cı ildə ayağına düşən bir infeksiya səbəbindən 22 yaşında vəfat edir.Qeyd edək ki, öldüyü zaman onun boyu 2.72 m, çəkisi isə 220 kq idi.
Bu zamana qədər “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən üzun qadını kimi daxil olan qadın isə Çinin Hunan əyalətinin Yujiang kəndində yaşayan Zeng Jinlian olub.1982-ci ildə 17 yaşında vəfat etdiyi zaman onun boyu 2.46 m idi. Maraqlı faktlardan biri də odur ki, 4 yaşlı Zengin boyu 1.56 m olub. 13 yaşına çatanda isə Zengin boyu artıq 2.17 m idi və hər kəsin marağına səbəb olan bu qızcığaz dünyanın ən uzun qadını kimi “Ginnes Rekordlar Kitabı”na daxil olur.
Ən böyük ofis binası
İnsanlar dünyanın ən böyük binasını düşündükdə, çox güman ki, göylərə uzanan bir göydələni təsəvvür edirlər, amma əslində söz açdığımız bu bina yalnız 7 mərtəbəlidir.1955-ci ildə rekorda imza atan və nailiyyətini illər boyu qoruyub saxlayan bu bina Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşən Pentaqondur. Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətçi personal çalışır. Nəhəng Pentaqonun beşbucaqlı quruluşunun mərkəzi hissəsində sahəsi 20 min m² olan boş park sahəsi yerləşir.
Pentaqon binası ABŞ hərbi gücünün simvolu hesab edilir və "Pentaqon" sözü binanın özündən daha çox ABŞ Müdafiə Nazirliyini ifadə etmək üçün istifadə edilir.
Ən varlı insan
2020 –ci ildə dünyanın ən zəngin adamı kimi 146.9 milyard dollar sərvətə sahib olan məşhur Amazon saytının qurucusu Jeff Bezos seçilmişdir. Lakin bu dünya tarixində seçilmiş ən böyük sərvət deyil. Zənginlik baxımından Bezosdan üstün olan adam, ABŞ-da neft istehsalının 90 %-nə nəzarət edən Con Rokfeller olub. 1870-ci ildə məşhur “Standard Oil Company” şirkətini yaradan Rokfeller neft yataqlarının axtarışı ilə məşğul olmağa başlayır. Qardaşı Villiam Rokfellerlə birgə “Standard Oil Company”nin vasitəsilə Amerikanın neft sanayesini cəmləşdirməyə başlayır. Rəqiblərinə seçim şansı belə verməyən qardaşlar 1874-cü ildə Klivlenddəki 26 müstəqil emal şirkətinə birləşməyi təklif edirlər və 20 şirkət Rokfeller qardaşlarının bu təklifini qəbul edir. Bunun nəticəsində “National Rafinery Association” yaradılır.1879-cu ildə onların zəbt müharibəsi başa çatır. Dəmiryollarına da sahiblənən Rokfellerlər beləcə 10 il ərzində bir çox quyu sahiblərini özlərinə birləşdirməklə rəqiblərini də eyni qiymətə neft satmağa məcbur edərək, onların iflasına yol açırlar. Rokfeller monopoliyaya qarşı mübarizəni nəzərdə tutan Şerman qanununun qəbuluna qədər ABŞ-ın neft sənayesinin 90 %-nə nəzarət etməyi bacarırlar. 1882-ci ildə Con Rokfeller ailənin varidatını idarə etmək məqsədilə “Rockefeller & Co” şirkətini təsis edir. Həyatının sonuna yaxın Con Rokfeller “Standard Oil Company”dən əlavə 16 dəmiryol, 6 polad şirkətinin , 9 bankın , 6 gəmiçilik şirkətinin , 9 əmlak firmasının və 3 portağal plantasiyasının sahibi idi.1937-ci ildə vəfat edən milyarderin sərvəti 418 milyard dollar idi. “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən varlı insanı kimi daxil olan Rokfellerin rekordunu hələ də heç kəs təkrarlamayıb.
Dünyanın ən çox gəlir gətirən filmi
“Ginnesin Rekordlar Kitabı”na ən çox gəlir gətirən film kimi daxil olan “Küləklə sovrulanlar” Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyniadlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. 1940-cı ildə baş tutmuş XII Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Küləklə sovrulanlar” on üç nominasiyadan onu üzrə (səkkiz müsabiqə, iki şərəf mükafatı) mükafata layiq görülmüşdür. Filmin qazandığı mükafatlar arasında ən yaxşı Film, ən Yaxşı Rejissor (Viktor Fleminq), ən Yaxşı uyğunlaşdırılmış ssenari (ölümündən sonra Sidney Hovard üçün), ən yaxşı aktrisa (Vivyen Li) və ikinci dərəcəli rolda ən yaxşı aktrisa (Hetti MakDeniel, Oskar mükafatı almış ilk afro-amerikan olmuşdur) nominasiyaları da olmuşdur. Həmin dövrdə nominasiyalar və mükafatların sayına görə film rekord göstəriciyə nail olmuşdur. Film çox böyük populyarlıq qazanaraq həmin dövrə kimi çəkilmiş filmlər arasında ən çox gəlir gətirən ekran əsəri olmuş və bu nəticəni uzun müddət saxlaya bilmişdir. İnflyasiya göstəriciləri nəzərə alındıqda film bu gün də kassa gəlirlərinə görə, kino tarixinin ən uğurlu əsərlərindən biri olaraq qalmaqdadır.225.7 milyon bileti satılan bu film 7.2 milyard dollar toplayaraq tutduğu yüksək pilləni hələ də qoruyub saxlamaqdadır.
Ən uzun dirnaqlara sahib olan insan
Hindistanın Pune şəhərində yaşayan Sridhar Chillal dünyanın ən uzun dırnaqlarına sahibdir. 9 metr uzunluğunda olan dırnaqlarını 66 il ərzində kəsməyən Shridhar onları 83 yaşında kəsərək ABŞ-da yerləşən muzeyə bağışlamışdır.Qeyd edək ki, dünyanın ən uzun dırnaqlı adamı kimi 2014-cü ildə “Ginnesin Rekordlar Kitabı”na düşən Chillalın ən uzun dırnağı baş barmağında idi. Onun bu rekordu hələ də təkrarlanmayıb.
Yer kürəsinin ən kök insanı
Tarixə ən ağırçəkili adam kimi imza atan Con Brouer Minnok 635 kq çəkisi ilə dünyanın ən kök insanı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.Uşaqlıqdan artıq çəkidən əziyyət çəkən Con 12 yaşında artıq 133 kq ağırlığında idi. 22 yaşında isə onun boyu 1.85 metr, çəkisi isə 230 kq idi. Minnokun artıq çəkisi sağlamlığında pisləşməyə səbəb oldu.16 ay ərzində xəstəxanada qalan Minnok 419 kq arıqladı və bunu edərək yeni bir rekordada imza atmış oldu. Təəssüflər olsun ki, arıqladığından iki il sonra 42 yaşında səhhətində olan müxtəlif problemlər səbəbindən Con vəfat edir.
Ən çox Olimpiya medalına sahib olan idmançı
Hər hansı bir idman növündə qızıl medal qazanmaq inanılmaz dərəcədə çətindir. Olimpiya medalına sahib olmaq bir idmançını lider kimi təqdim edən inanılmaz bir müvəffəqiyyətdir. Məşhur üzgüçü Michael Fhelps ən çox qızıl medal qazanan idmançı kimi tarixdə iz qoyaraq, hətta “Ginnesin Rekordlar Kitabı”na da daxil olub.İdman karyerası ərzində o, 28 Olimpiya medalını qazanıb. Onlardan 23-ü qızıl,3-ü gümüş,2-si isə bürüncdür. Karyerası boyunca Olimpiadada çoxsaylı medal qazandığı üçün onun bu rekordu əbədi qoruyacağı şübhəsizdir.
Samirə Tağıyeva, “İki sahil”