Tokionun Hirahata klinikasının həkimi Koiti Hirahata xəstələrin koronavirusun yüngül gedişinin ardından ağır nəticələrlə qarşılaşa biləcəyini açıqlayıb.
Həkimin sözlərinə görə, uşaqlar da daxil olmaqla xəstəliyi yüngül keçirən xəstələrinin üçdə biri sonradan ciddi fəsadlarla qarşılaşıb.
Mart ayından etibarən, xəstələrinin məlumatlarını toplayan yaponiyalı həkim simptomsuz və ya bir gün yüngül qızdırma ilə xəstəliyi keçirən insanlarda, xüsusilə də gənclərdə sonradan ağırlaşmalar qeydə alıb. O, yazda cəmi iki, indi isə gün ərzində 70-80 belə pasiyentinin olduğunu bildirib.
Potensial ciddi nəticələrə zəiflik, depressiya, başda tutqunluq, aydın olmayan şüur, baş ağrısı, tənəffüs çətinliyi, yuxusuzluq, saç tökülməsi, dad və qoxu itkisi daxildir. Həkimin sözlərinə görə, COVID -19 xəstələrinin bir çoxunda ümumi zəiflik ömrünün sonuna kimi qala bilər.
"Koronavirusun yan təsirləri digər viral xəstəliklərdən tamamilə fərqlidir. Qrip epidemiyası nə qədər şiddətli olsa da, onun nəticəsində yataq xəstəlikləri ortaya çıxmır. Koronavirusda qorxunc şey yataq xəstəsi olmaq riskinin yüksək olmasıdır”, deyə həkim bildirib.
O, insanları koronovirusdan sağalan kimi tam aktiv həyata qayıtmamağa, iki ay ərzində daha az hərəkətdə olmağa gərginlikdən uzaq olmağa səsləyib.
Nübar Süleymanova, “İki sahil”