İnsanların çoxu hesab edir ki, ilin bütün aylarında hava günəşli olmadığı üçün günəş panelləri elə də yararlı deyil. Məntiqi səslənsə də, bəs doğrudanmı bu batareyalar buludlu, tutqun havalarda işləmir?
Günəşdən enerji almaq əladır, ancaq günəş ayda bir dəfə görünərsə, nə baş verir?
Əslində günəş batareyaları bütün günlərdə çalışır: buludlu, dumanlı, günəşli, soyuq, isti. Məsələ orasındadır ki, elektromaqnit şüalar Yer üzünə ilin bütün fəsillərində çatır. Sıx buludlar günəş panellərinin məhsuldarlığını azaltsa da, lakin texnologiya da bir yerdə dayanmır, günbəgün inkişafdadır. Əksər hallarda isə bu, panellərin Yer səthinə nisbətən yerini və meyl bucağını dəyişməklə kompensasiya edilə bilər.
Günəş panelləri üçün ideal iqlimin, məsələn, Braziliyadakı kimi isti havalar olduğunu düşünürsünüzsə, yanılırsınız. Əksinə, isti günlərdə, temperatur 25 ° C-dən yuxarı qalxdıqda panellərin performansı 10-25% azalır, şaxta və günəşin birgə olduğu vaxtlar bu cür batareyaların işləməsi üçün ideal hesab edilir.
Bəs gecələr necə? Günün qaranlıq vaxtı bu batareyalar işləyirmi? Xeyr. Günəş panelləri gecələr işıq şüalarını özünə çəkə bilmir və ona görə də enerji istehsal etmir, ancaq müxtəlif avadanlıqlara elektrik ötürə bilir.
Elə buna görə günəş batareya sistemləri demək olar ki, həmişə enerji saxlama cihazlarına bağlıdır. Bu, bərpa olunan enerji sektorunun əsas problemlərindən biridir. Hazırda günəş enerjisini saxlama texnologiyası çox yüksək qiymətə malikdir və lityum-ion batareyalardan çıxarılan bu cür diskləri atmaq çətindir. Bir cihaz zədələnərsə, zəhərli elementlər və qazlar ətrafa yayıla bilər və bu olduqca təhlükəlidir.
Nubar Süleymanova, “İki sahil”