05 yanvar 2021 17:59
1341

Möcüzələrə mütləq inanın..

ABŞ-da bir möcüzə baş verib. Keçmiş “Miss Virginiya” COVID-19 xəstəliyindən öldükdən bir müddət sonra dirilib.

“New York Post” qəzetinin verdiyi məlumatına görə, 1958-ci ildə Virginiya ştatının ən gözəl qadını seçilən 82 yaşlı Barbara Guthrie Ley dekabr ayının 20-də koronavirus xəstəliyinə yoluxduğuna görə həyat yoldaşı Toni Ley  tərəfindən xəstəxanaya yerləşdirilmişdi. Yaşlı qadın tənəffüs yollarında yaranan problemlərinə görə dərhal reanimasiya şöbəsinə köçürülür. İki həftə ərzində reanimasiyada qalan Barbaranın urəyi dayanır və onun  həyatını xilas etmək mümkün olmur. Acı xəbəri alan oğlu Tom Kelli  göz yaşları içində bütün tanışlarına zəng edərək anasının öldüyünü söyləyir. Lakin bir neçə dəqiqədən sonra xəstəxanadan zəng vuran tibb bacısı bir möcüzənin baş verdiyini söyləyir. Onun sözlərinə görə, ölümündən yarım saat sonra morqa aparılan Barbaranın nəbzi vurmağa başlayır. Onu müalicə edən həkim qeyd edir ki, belə hadisəni bir möcüzə adlandırmaq olar. Barbaranın həyat yoldaşı “New York Post” qəzetinə verdiyi müsahibəsində onun artıq reanimasiya şöbəsindən adi palataya köçürüldüyünü qeyd edib. Gözlərini həyata sanki yenidən  açan Barbaranın planlarına görə, o, mütləq 101 yaşına qədər yaşamalıdır.

Barbaranın həyat yoldaşı, həmçinin möcüzələrə inanmaq lazım olduğunu söyləyib, çünki dediyinə görə, yarım saat ərzində dünyanın ən bədbəxt insanından çox xoşbəxt birinə çevrilib.

Samirə Tağıyeva, “İki sahil”