03 avqust 2021 17:35
1221

Prezident: Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik

İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Böyük Qayıdışa hazırlıqdır

Qələbədən sonra Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən uzunluğu 100 kilometr olan,  Azərbaycanın digər rayonları ilə  Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu ilə nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyan Prezident İlham Əliyev Qarabağın əvvəlki cənnətməkan görkəminin  qaytarılması  üçün nəzərdə tutulan  perspektivlərdən də bəhs etmişdir. Zəngilan rayonunun Üçüncü Ağalı kəndində  icra olunacaq  «ağıllı kənd» layihəsi barədə açıqlama verən dövlət başçımızın vurğuladığı kimi,  bərpa-quruculuq işləri 5 komponent- yaşayış, istehsal, sosial xidmətlər, «ağıllı kənd» təsərrüfatı, alternativ enerji sahələri üzrə aparılacaq. Bu ərazilər «yaşıl enerji» zonasına çevriləcək. «Ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyaları reallaşdırılacaq. Ərazidə inşa olunacaq 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək . Ümumiyyətlə, azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə olunacaq.  Qısa müddətdə  Şuşa şəhərinə yüksəkgərginlikli   xətlərin çəkilməsi, elektrik yarımstansiyasının inşası, Laçın rayonunda  Güləbird Su Elektrik Stansiyasının istismara verilməsi uğurlu  başlanğıcdır. Böyük  potensiala malik və perspektivdə nəzərdə tutulan, generasiya gücü 120 meqavat olacaq  «Xudafərin» və «Qız qalası» su elektrik stansiyalarının inşası ilə daha böyük enerji potensialı  formalaşacaq. «Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi» söyləyən Prezident İlham Əliyevin iştirakı ilə çox böyük strateji əhəmiyyətli  Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin   qoyulması isə tarixi hadisə idi. Bu dəmir yolu azad edilmiş torpaqlara vətəndaşların gəlməsi,  yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Bu yol vasitəsi ilə  Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bir-birinə bağlanacaq. Zəngəzur dəhlizinin bərpası olan bu  dəmir yolu  Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı qardaş ölkə  ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. «Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» söyləyən Prezident İlham Əliyevin  tapşırığına əsasən işğal olunmuş ərazilərdə aparılan quruculuq işləri sürətlə davam edir.

Müharibədən cəmi 8 ay keçməsinə baxmayaraq minalardan təmizlənmiş ərazilərdə   aparılan quruculuq işləri Böyük Qayıdışın planlı  şəkildə həyata keçirildiyini göstərir.  Genişmiqyaslı quruculuq işlərinə  zəruri infrastruktur layihələri, yaşayış məntəqələrinin , tarixi abidələrin  bərpası,  inşası da daxildir. Füzulidə,  Zəngilanda inşa olunan hava limanlarında, Əhmədbəyli- Füzuli- Şuşa ,  Horadiz-Ağdərə,  Zəngilan-Qubadlı- Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl avtomobil yollarında tikinti işlərinin intensivləşməsi böyük miqyaslı layihələrin həyata keçirilməsini təmin edəcək. Göygöldən   Ömər aşırımı üzərindən  çəkilən yolla  Kəlbəcərə  gediş-gəliş  imkanı yaranacaq. Ən zəruri infrastruktur olan Zəngəzur dəhlizinin bərpası isə bütünlükdə region ölkələrinə yeni iqtisadi imkanlar qazandıracaq.

Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də  işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın hədəfləri kimi dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya, yaşıl enerji məkanı kimi məsələlər ön plana çəkilir. Həmin ərazilərin cəmiyyətin ən sağlam,  abad yaşayış mühitinə çevrilməsi,  müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitin  yaradılması,  bölgələrin  iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməsi regionun dayanıqlı inkişafı baxımından vacib amildir.

Prezident İlham Əliyevin imzaladığı  2021-ci il 7 iyul tarixli Fərmanla yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə  bölgədəki rayonların iqtisadiyyatı üçqat inkişaf edəcək,  regional kommunikasiyaların bərpası və inşası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə yeni reallıqlar yaradılacaq. Daha çox diqqətçəkən  Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması isə  tarixi ədalətin bərpası olmaqla, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının  iqtisadiyyatını yüksəldəcək.   Fərmanda  qeyd olunduğu kimi,  Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da  yeni görkəm alacaq. Özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yaradılan  rayonlar bütünlükdə  ölkə iqtisadiyyatına töhfədir.

Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana verilməməsi və sonradan  hansısa şərtlərlə verilməsi bərpa işlərini yubadsa da,  torpağa bağlı insanlar sayəsində quruculuq işləri intensivləşir.

«Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları» söyləyən Prezident İlham Əliyevin  ermənilərin Laçından və Kəlbəcərdən köçməsi üçün onlara verilən iki həftəlik möhlət  müddətində  işğalçıların dağıtdıqları  su elektrik stansiyasiyalarının  bərpasının da ilin sonuna qədər yekunlaşacağını bildirir. «Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. İlin sonuna qədər planlaşdırılır ki, tam yekunlaşdıraq. Amma, əlbəttə ki, bundan sonra dediyim kimi, «yaşıl enerji» layihəsi icra ediləcək. Artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki,  görüləcək işlər  şaxələndiriləcək,  Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərinin şəbəkəsi də genişləndiriləcək .

Ölkə iqtisadiyyatı üçün enerji sahəsindən sonra  ikinci vacib sahə yol infrastrukturudur.  Səkkiz ay ərzində  Bərdə-Ağdam,  eyni zamanda Zəfər yollarında  aparılan  işlərin intensivləşməsi  Böyük Qayıdışın da nəzərdə tutulduğu vaxtda gerçəkləşəcəyinə  inam yaradır.

Hazırda  işğaldan azad edilmiş digər ərazilərdə də  yol-nəqliyyat infrastrukuruna xüsusi diqqət göstərilir. Sərhəddə  mövqelərimizin möhkəmləndirilməsi baxımından  böyük strateji əhəmiyyətə malik Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar,  tunellər çəkilir.  «Üç aeroport tikilir. Artıq mən demişəm, bu aeroportlar nə vaxt istifadəyə veriləcək. Bu, təkcə əsas infrastruktur layihələridir. Şəhərsalma ilə bağlı bizim işçilərimiz böyük işlər görür, çox fəal işləyirlər. Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq» söyləyən Prezident İlham Əliyev əsas hədəfi də göstərir:
«Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.»

Xuraman İsmayılqızı, «İki sahil»