06 yanvar 2021 15:57
883

Orqanizmin bu 10 siqnalı nələrə işarədir?

Orqanizm öz işi, çətin mexanizmi barədə bizə müəyyən siqnallar göndərir. Bu siqnallara çox vaxt laqeyd yanaşırıq, əslində isə onlar böyük problemlərin qarşısını almaq üçün bizə kömək edə bilər.

Gözaltında qara kölgələr

Gözaltı qara kölgələr az yatmaqdan da yarana bilər. Sutkada ən az 7-8 saat yatmaq məsləhət görülür. Lakin qara kölgələr başqa səbəblərdən də yaranır. Məsələn, anemiya. Orqanizmdə hasil edilən eritrositlərin sayı az olduqda gözaltı kölgələr yaranır.

Barmaqların rənginin dəyişməsi

Barmaqlarınızın tez-tez rəngi dəyişirsə, bilin ki, bu, səbəbsiz deyil. Bu, Reyno fenomeni adlanır - soyuq və istiliyin qan damarlarının spazmlarına və barmaqların dərisinin rənginin dəyişməsinə səbəb olduğu bir vəziyyətdir.

Bulanıq görmə

Gözləriniz tez-tez yorulursa və insanları tanımadığınızı və ya yol nişanlarını normal bir məsafədən seçə bilmədiyinizi görməyə başlayırsınızsa, böyük ehtimalla sizdə miyopiya və ya astiqmatizm inkişaf edir. Oftalmoloqa müraciət edin.

Göz qarşısında “uçuşan milçəklər”

Onlar nöqtə, zolaq və s. formada ola bilər. Çox vaxt qəfildən, xüsusən də parlaq və ağ işıqda görünürlər. Bu vizual effekt bir həftə ərzində keçməzsə, oftalmoloqa müraciət edin, çünki katarakt və digər ciddi görmə problemlərinin xəbərçisi ola bilər.

Qarında səs-küy

Qarın quruldaması bağırsaqların fəaliyyəti ilə bağlıdır. Bu, arada baş verirsə, qorxulu bir şey yoxdur, lakin tez-tez və ağrılı baş verirsə ciddi problemlərdən xəbər verə bilər.

Dərinin soyulması

Dərinin soyulması vitamin çatışmazlığından yaranır. Yaxşı qidalanmaqla asanlıqla dərini normaya salmaq olar, amma soyulma yandırıcıdırsa, mütləq həkimə müraciət edilməlidir, göbələk xəstəliyi ola bilər.

Qismən qoxu itkisi

Yaşlanma ilə birlikdə iybilmədə kəskinliyin itməsi sinir sisteminin zədələnməsi səbəbindən baş verir. Ancaq gəncsinizsə və qoxu hissini itirdiyinizi hiss edirsinizsə, ən qısa müddətdə həkimə müraciət etməlisiniz. Bunun səbəbi şiddətli soyuqdəymə və ya digər viral infeksiya ola bilər.

Göz qapağının səyirməsi

Göz qapağının uzun müddət səyirməsi göz yorğunluğundan baş verə bilər, lakin uzun müddət davam edərsə, nevropatoloqdan kömək istəməlisiniz. Bunun ciddi bir sinir pozuqluğunun siqnalı olma ehtimalı vardır.

Qulaqda küy

Tinnitus-qulaqda səs-küy və ya cingilti hissidir. Çoxları ona fikir verməsə də, müxtəlif patoloji vəziyyətlərlə əlaqəli ola bilər. Əsasən isə peşə-sənətlə əlaqədar yarana bilir.

Çiyin oynaqlarının yerdəyişməsi

Bəzi insanlarda çiyində boşluq ola bilər və ya çiyin fərqli istiqamətlərdə hərəkət edə bilər. Bu qeyri-sabitliyə humerus başlığının çiyin oynağının boşluğundan çıxması səbəb olur. Belə insanların çoxu doğuşdan elastik bağlara sahibdirlər və ya bu, idmanla məşğul olmağın nəticəsidir, amma çiyin oynaqlarının yerdəyişməsi çox təhlükəlidir və yaralanmalara və çıxıqlara səbəb ola bilər.

Nubar Süleymanova, “İki sahil”