Hindistanın Odişa əyalətinin Kadapada kəndində yaşayan Kumari Nayakın 31 barmağı var. Onların 12-si əllərində, 19-u ayaqlarındadır. Bu səbəbdən Kadapadada yaşayan kənd sakinləri 63 yaşlı Kumaridən çəkinərək onu cadugər adlandırırlar. Anadangəlmə polidaktiliyadan əziyyət çəkən qadının həyatını heç olmasa bir az yüngülləşdirmək üçün o, mütləq əməliyyat olmalıdır və cərrahi üsulla onun bir neçə barmağı götürülməlidir. Lakin kasib ailədə anadan olan Kumari bu əməliyyatın pulunu heç cür ödəyə bilməz. Qadının çəkdiyi əziyyətə şahid olan dövlət qurumları ona maddi yardım təklif edərək, əməliyyat pulunu ödəyəcəklər.
“Mirror” qəzetinin paylaşdığı məlumatlara görə, bu yaxınlarda Kumarinin adı “Ginnesin Rekordlar Kitabı”na daxil ediləcək. Qeyd etmək lazımdır ki, 2014-cü ildə “Ginnesin Rekordlar Kitabı”na daxil olan rekordçu da Kumari kimi həmin xəstəlikdən əziyyət çəkən hindistanlı Devendra Sutar idi.
Samirə Tağıyeva, “İki sahil”