Böcək qorxusuna insektofobiya deyilir. Bir çox insanlar insektofobiyadan əziyyət çəkirlər. Bu tip insanlarda müxtəlif həşəratlarla təmasda olduğu zaman panik qorxusu, dəhşət və çaxnaşma hücumları başlayır. İyrənc canlıların görünüşü belə onları vahiməyə salır.
Lakin bir çox insanlardan fərqli olaraq amerikalı Calvin Viley müxtəlif böcəkləri evinə toplayır. O, böcəklərin zərərsiz olduğunu sübut etmək üçün əlindən gələni edir. Gənc oğlan özünün “İnstaqram” səhifəsində fəqrli şəxslərin üzündə hərəkət etdiyi böcəklərin müxtəlif videolarını paylaşır. O deyir ki, bəziıləri evlərində it, pişik və ya tısbağa saxlayırlar. Mən isə həşəratları çox sevirəm. 2015-ci ildən müxtəlif hörümçəkləri toplamağa başlayan Calvin onların quruluşunu və davranışlarını dəqiqli ilə öyrənmək üçün kiçik bir laboratoriya açmaq arzusundadır. Eyni zamanda, o, bu sahədə ali təhsil almağı da planlaşdırır.
Qeyd etmək lazımdır ki, Calvinin bir çox dostları qəribə hobbisinə görə ondan üz döndərib. Lakin heç nəyə fikir verməyən gənc sevdiyi iş ilə məşğul olmağa davam edir.
Samirə Tağıyeva, “İki sahil”