Hollivud yeni “Beta” adlı elmi-fantastik filmində ilk dəfə süni intellektin baş rola çəkilməsi ilə bağlı məlumatı açıqlayıb. Onun adı Erikadir.
“İki sahil” ”billionnews.com” saytına istinadən xəbər verir ki, “Beta” filmində mükəmməl DNT yaratmaq üçün proqramı icad edən alimin həyat hekayəsindən danışılır. Bir gün proqramda xəta baş verir və proqram tamamilə təhlükəli olmağa başlayır. Buna görə də alim, yaratdığı Erika robotuna laboratoriyadan qaçması üçün kömək etmək məcburiyyətində qalır. Filmin büdcəsi 70 milyon dollardır.
Bu, Hollivudun yeni personajların yaradılması üçün yüksək texnologiyalara üz tutduğu ilk hal deyil. Keçən il “MOI Worldwide” və “Image Engine” şirkətlərinin Vyetnam müharibəsindən bəhs edən “Cekinin axtarışında” filminin çəkilişləri üçün əfsanəvi aktyor Ceyms Dinin rəqəmsal surəti yaradılmışdı. “Əsl” Ceyms Din 65 il əvvəl dünyasını dəyişib.
Vizual effekt mütəxəssisləri tamölçülü CGI texnologiyasından istifadə edərək aktyorun surətini yenidən yaratdılar. Bunun üçün aktyorun çəkilişlərinin əsl görüntülərindən, həmçinin qorunan foto və videolardan istifadə edərək, hətta onun səsini də süni Dinə verdilər. Pandemiya mane olmasa, "Cekinin axtarışında" filmi bu ilin sonlarında yayımlanacaq.
Erikə gəldikdə isə onun debütü 2021-ci ilin sonlarından tez baş tutmayacaq. Robot-aktrisa ilə müəyyən səhnələr Yaponiyada artıq çəkilsə də, bəzi səhnələrin Avropada, bu ilin iyun ayında çəkilməsi planlaşdırılır.
Nubar Süleymanova, “İki sahil”