Yeni tədqiqatlar sübut edib ki, astma xəstəliyi olan insanlar pandemiya dövründə daha ciddi tutmalarla qarşılaşa bilərlər.
“İkisahil” “dailysabah.com” saytına istinadən xəbər verir ki, ABŞ-da 795 yetkin insan üzərində may ayından sentyabr ayınadək həyata keçirilmiş tədqiqatlar zamanı bəlli olub ki, səthləri müxtəlif dezinfeksiyaedici məhlullarla həftədə beş dəfə təmizləyən insanlarda astma tutmaları 155 % artıb. “Allergiya və Kliniki İmmunologiya: Təcrübədə” jurnalında isə hətta dezinfeksiyaedici salfetlərin, sprey və digər mayelərin də astma xəstələrində tutmaların sayını artırdığı bildirilir.
Tədqiqatlar dezinfeksiya məhsulları ilə astmanın yaranması arasında bir əlaqə müəyyən etməyiblər, ancaq real astma xəstələrinin daha təhlükəsiz təmizlik vasitələrindən istifadə etməli olduqlarını vurğulayıblar.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi astma xəstələrinə təmizlik üçün kiməsə müraciət etməyi, dezinfeksiyaedici maddələrlə iş zamanı tamamilə ayrı otaqda qalmağı tövsiyə edirlər.
Nubar Süleymanova, “İki sahil”