Aspirin
1763-cü ildə keşiş Edvard Stoun qızdırma zamanı titrətmənin söyüd qabığı tinkturası ilə müalicəsi barədə Londonun Kral Cəmiyyətində çıxış etmişdir.Artıq 1838-ci ildə müəyyən olmuşdur ki, söyüd qabığının fəal komponenti salisil turşusudur. Bir qədər sonra İtaliya kimyaçısı Rafael Piria söyüd qabığından salisil turşusunu ayırıb, bu maddənin kimyəvi tərkibini müəyyən edərək onu müvəffəqiyyətlə sintez edir. Alınan maddəyə salisil turşusu adı verilir. Lakin o zaman salisil turşusu dərman kimi praktiki tətbiqini tapa bilmir və yalnız 15 ildən sonra salisil turşusunun natrium duzu kimi işlədilməsinə başlanıb.
Salisil turşusunun daha təsirli başqa növlərini əldə etmək üçün “Bayer” şirkətinin əməkdaşı Feliks Hoffman asetilsalisil turşusu istehsalı texnologiyasını hazırlayıb.
Patent 1899-cu il martın 6-da verilib. Məhsul “Aspirin” adlandırılıb. Bu ad iki hissədən ibarətdir: “a” –“asetil” sözündən, “spir” isə salisil turşusunun ilk dəfə kimyəvi yolla əldə edildiyi topulqa bitkisinin latınca adından – “Spiraea” sözündən yaradılıb.
Penisilin
Min illər ərzində cəmiyyət infeksion xəstəliklərin məhvedici təsirinə məruz qalmışdır.İnsanların həyatını xilas etmək üçün 1928-ci ildə ingilis mikrobioloq Aleksandr Fleminq ilk antibiotik – penisilini kəşf etmişdir. Bu kəşf 20-ci əsrin ən öndəgedən kəşflərindən birinə çevrilir. Biologiya və tibbdə yeni era inkişaf etməyə başlayır – antibiotiklər erası. 40-cı illərdən başlayaraq zərərli mikroorqanizmləri məhv edən və ya onların artımını məhdudlaşdıran dərman məhsulları tibbi təcrübədə geniş istifadə olunmağa başladı. Antibiotiklərin uzunillər boyu ölümcül hesab olunan xəstəliklərə qarşı uğurlu mübarizəsi ilk vaxtlar inanılmaz hesab olunurdu, lakin antibiotiklərdən bir müddət təcrübədə istifadə etdikdən sonra bioloqlar və həkimlər yeni problemlə üzləşirlər: antibiotiklərdən çox istifadə olunduqca zərərli mikroorqanizmlərdə onlara qarşı müqavimət, immunitet yaranır. Bir sözlə, orqanizm onlara öyrəşir və antibiotiklər bakteriyalar qarşısında aciz olurlar. Buna görə də daha güclü dozalı antibiotiklərdən istifadə zərurəti yaranır. Hansı ki, uzunmüddətli istifadə zamanı artıq onlar da təsirsiz olmağa başlayır.
Tarixdə birinci dəfə kəşf olunan antibiotik – penisilindir. Antibiotik təsadüfi şəkildə 1928-ci ildə kəşf olunmuşdur. Belə ki, Aleksandr Fleminq insan orqanizminin bakterial infeksiyaya qarşı mübarizəsinə aid araşdırması zamanı sıravi eksperimentini apararkən antibiotiki kəşf etmişdir. Laboratoriyada stafilokokk koloniyaları yetişdirən bioloq bəzilərinin Penicillium kifi ilə örtüldüyünü görmüşdür.
Xatırladaq ki, bu maddənin təsiri nəticəsində boyat çörək uzun müddətli saxlama nəticəsində yaşıl rəngə boyanır. Təcrübə zamanı hər bir kif ləkəsinin ətrafında bakteriyaların olmaması Fleminqin diqqətini çəkmişdir. Buna əsaslanaraq Fleminq kifin tərkibində bakteriyaları məhv edən maddənin mövcud olduğu qənaətinə gəlmişdir. Son olaraq, o, penisilin molekulasını taparaq, antibiotiklərin hazırlanması tarixinə imza atmış olur. Penisilin antibiotikinin kəşfi daha sonra onun dərman kimi istehsalı və tibbdə tətbiqi tibb aləminə böyük təkan vermişdir. Xüsusilə də ikinci dünya müharibəsində yaralıların sağalmasına kömək etmişdir. Penisilin kəşfinə görə Aleksandr Fleminq və onunla penisilin dərmanını hazırlayan bioloqlar və bakterioloqlar – Houard Flori və Ernst Çeyn Nobel mükafatına layiq görülmüşdülər.
İnsulin
İnsulinin kəşfi tarixi 1869-cu ildən, Berlində tələbə Paul Langerqansın mədəaltı vəzi üzərində apardığı tədqiqatlardan başlanıb. Tələbə öyrənib ki, mədəaltı vəzidə bir yığın hüceyrələr var. Bir müddətdən sonra məlum olub ki, “Langerqans adaları” adlanmış bu hüceyrələr şirə ifraz edir.
Mədəaltı vəzi üzərində eksperimentləri Oskar Minkovski itlər üzərində əməliyyatlarla davam etdirmişdir. İtin sidiyini araşdıran zaman
Minkovski görüb ki, onun tərkibində şəkər var. Bu, mədəaltı vəzin işi ilə şəkər xəstəliyi arasında əlaqəni aşkara çıxaran ilk müşahidə idi.
İnsulin dərmanının tam şəkildə alınması Toronto alimləri A. Bantinqu, C. Makleodu və onların assistenti Ç. Bestə məxsusdur. Bu işdə, həmçinin biokimyaçı C. Kollipsin böyük rolu olub. Onlar insulinin effektiv təmizlənmə metodunu tapıblar. İtlər üzərində aparılan uğurlu təcrübələrdən sonra 1 yanvar 1922-ci ildə 14 yaşlı şəkər xəstəsi Leonard Tompsona insulin vurulub. Ekstrat tamam təmizlənmədiyindən allergiya reaksiyasına səbəb olub. 23 yanvarda Leonarda ikinci insulin dozası vurulub. Bu dəfə proses tam uğurla yekunlaşıb və xəstəliyin inkişafı dayanıb. 1923-cü ildə Makleod və Banting Nobel mükafatına layiq görülüblər. Banting öz mükafatını Best , Makleod isə Kollip ilə bölüşüblər.
Həmin vaxt insulin patenti Torronto İniversitetinə 1 dollara satılıb.
Samirə Tağıyeva, “İki sahil”